[b]“Qarabağ” “Topaz”ı “ağ”layıb, Əsasnaməni pozdu[/b]
23.11.2015 - 12:09
[b]“Qarabağ” “Topaz”ı “ağ”layıb, Əsasnaməni pozdu[/b]

 “Qarabağ” ölkə çempionatında yararlandığı formalarda dəyişiklik edib. Apasport.az saytı xəbər verir ki, söhbət dizayn və ya rəng dəyişikliyindən getmir.

 

Premyer Liqada iştirak edən hər bir klubun formasında çempionatın sponsoru olan “Topaz”ın loqosu yerləşdirilib. Maraqlıdı ki, “Qarabağ”ın istifadə etdiyi formada çempionatın sponsorunun loqosu olsa da, “Topaz”ın adı ixtisara salınıb.

 

Bu, ölkə çempionatının XIII turu çərçivəsində “Kəpəz”lə oyundan sonra çəkilən fotoda da öz əksini tapır. Şəkildə göründüyü kimi, “Topaz” sözünün üstündən ağ yapışqan lent çəkilib.

 

Bunun səbəbini öncə formanın sahibi Dani Kintanadan soruşduq. İspan yarımmüdafiəçi məsələdən xəbərsiz olduğunu bildirdi: “Mən bilmirəm. Formanı bu şəkildə veriblər, biz də geyinib meydana çıxmışıq”.

 

 

Ölkə çempionunun formasında “Topaz” adının hansı səbəbdən gizlədilməsi maraq doğurmaya bilməzdi. Öncə ağıla “Qarabağ”ın çempionatın sponsoru ilə probleminin olub-olmaması gəlir. Bəziləri isə Azərbaycanın ilk və tək qanuni idman mərc operatoru olan “Topaz”ın mərc oyunlarının dini cəhətdən haram sayılması və məhz bu səbəbdən “Qarabağ”ın belə bir addım atdığını düşünür.

 

Əsl səbəbi öyrənmək üçün “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Səsi hava limanından gələn klub rəsmisi təyyarəyə minmək üzrə olduğunu əsas gətirərək, danışa bilməyəcəyini dedi.

 

Daha sonra klubun baş meneceri Asif Əsgərova zəng etdik. O, bunun texniki məsələ olduğunu bildirdi: “Bizim “Topaz”la və ya onların bizimlə heç bir problemi yoxdu. “Topaz” PFL-lə müqavilə bağlayıb və çempionatın sponsorudu. Biz də onların loqosunu formamızda yerləşdirmişik. O ki qaldı dediyiniz məsələyə, indi ola bilər ki, “Topaz” sözü 1-2 futbolçunun formasında silinib. Ancaq bu, sırf texniki məsələdi. Başqa heç nə ola bilməz”.

 

İstənilən halda, loqoda sponsorun adının silinməsi çempionatın təşkilinə cavabdeh olan qurum – Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinə ziddi.

 

Əməkdaşımızla söhbətində bunu PFL-in prezidenti Ramin Musayev də təsdiqləyib. “Topaz”ın hüquqlarının pozulduğunu deyən Musayev “Qarabağ”ın cərimələnəcəyini istisna etməyib: “Açığı, fikir verməmişdim, xəbərim yox idi. Əsasnamədə də göstərilir ki, heç bir klubun bunu etməyə ixtiyarı yoxdu. Elə şey görsək və ya bunu təsdiqləyən şəkil olsa, “Qarabağ”ı cərimələyəcəyik. Mətbuatın belə halları yazıb, işıqlandırması müsbət haldı. Qoy, klublar görsünlər, elə şey etməsinlər. Gələn turdan biz özümüz də bu məsələyə daha diqqətli yanaşacağıq”.

 

Çempionat görüşlərində bu kimi hallara AFFA nümayəndəsi nəzarət etməlidi. “Qarabağ” – “Kəpəz” matçında analoji funksiyanı yerinə yetirən şəxslə - Sakin Məmmədzadə ilə də əlaqə saxladıq. Maraqlıdı ki, matçın AFFA nümayəndəsi də məsələdən xəbərsiz olduğunu qeyd etdi: “Bəli, formalara biz nəzarət edirik. Amma görməmişəm, fikir verməmişəm. Belə bir şey olubsa, yəqin ki, əvvəlki turlarda da olub”.  

0