[b]Tərlan Əhmədov məğlubiyyəti şərh etdi: Uşaq səhvlərindən qollar buraxırıq[/b]
23.11.2015 - 19:43
[b]Tərlan Əhmədov məğlubiyyəti şərh etdi: Uşaq səhvlərindən qollar buraxırıq[/b]

“Oyunla bağlı deməyə çox sözüm yoxdur. Düşünürəm ki, ilk hissədə komandam arxayın davrandı. Bəlkə də “İnter”dən rahat xal alacağımızı düşünürdülər, amma futbol bunu qəbul etmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XIII turunun qapanış matçında “İnter”lə oynayan “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “İkinci hissədə toparlansaq da, nə isə edə bilmədik. Ümumiyyətlə, biz uşaq səhvlərindən sonra qollar buraxırıq. Hərdən düşünürəm ki, belə səhvlər ola bilərmi?  Bütün bunlara baxmayaraq, həyat davam edir. Biz səhvlərimiz üzərində işləməli və problemi aradan qaldırmalıyıq”.

 

Gənc mütəxəssis qarşılaşma bitəndən sonra baş verən hadisə haqqında da fikirlərini bildirib: “Oyundan sonra ciddi bir şey olmadı. Sadəcə, polislə rəhbərlik arasında kiçik insident yaşandı. Hər halda, polis klub rəsmisini tanımaya bilər. Amma həmin yerdə AFFA-dan bir  nümayəndə olarsa, belə bir problem yaşanmaz. Eyni zamanda, klub rəsmilərini tanıyan klub nümayəndəsi də bu problemi aradan qaldıra  bilər”.

 

Tərlan Əhmədov oyunçularının psixoloji vəziyyətini də dəyərləndirib: “Futbolçularımın fərdi səhvləri var. Eyni zamanda, oyunlar vaxtı səviyyə fərqi öz sözünü deyir. Futbolçular I Divizion əhval-ruhiyyəsindən çıxmalıdırlar. Biz artıq qışdan sonranın planlarını da qururuq. Artıq bu gün düşərgəyə iki oyunçu gəlib, onların durumuna baxacağıq. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək”.

0