[b]“Qarabağ” “Tottenhem”ə uduzmasa...[/b]
24.11.2015 - 10:51
[b]“Qarabağ” “Tottenhem”ə uduzmasa...[/b]

Noyabrın 26-da Avropa Liqasının qrup mərhələsinin V turunda “Tottenhem”lə (İngiltərə) qarşılaşacaq “Qarabağ” tarixinin rekordunu müəyyənləşdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, öz meydanında keçirdiyi son 6 qarşılaşmada uduzmayan təmsilçimiz seriyanı 7-yə çatdırsa, klubun avrokuboklardakı ən yaxşı nəticəsini müəyyənləşdirəcək.

 

Ağdamlılar qitə kuboklarında sonuncu ev məğlubiyyətini 2014-cü il noyabrın 5-də Ukrayna “Dnepr”i ilə qarşılaşmada alıb – 1:2. Həmin – 2014/15 mövsümünün son qarşılaşmasında İtaliya “İnter”i ilə qolsuz heç-heçə edən “Qarabağ” cari turnirdə qonaqlara qələbə sevinci bəxş etməyib.

 

Çempionlar Liqasında “Rudar” (Monteneqro) və “Seltik”lə (Şotlandiya) qolsuz heç-heçələrdən sonra təmsilçimiz seriyasını Avropa Liqasında davam etdirib. “Yanq Boyz”u (İsveçrə) 3:0, “Anderlext”i (Belçika) 1:0 məğlub edən Qurbanovun yetirmələri “Monako” (Fransa) ilə heç-heçə edərək (1:1) məğlubiyyətsizliyini 6-ya çatdırıb. Bu isə “Qarabağ” tarixinin rekordunun təkrarıdı.

 

Ağdamlılar bunadək də 2 dəfə evdəki avrokubok görüşlərdin 6 oyunluq məğlubiyyətsizliyə imza atmışdı. Onlar 2009-10 və 2011-13-cü illərdə də bunu bacarsa da, 7-ci dueldə “ilişmişdi”.

 

“Qarabağ”ı 6-da saxlayan hər iki klub Almaniya təmsilçisi olub. 2010-cu ildə Dortmund “Borussiya”sı 1:0, 2013-cü ildə Frankfurt “Ayntraxt”ı 2:0 hesablı qələbə ilə Bakını tərk edib. Son ölkə çempionumuz 7-yə çatmaq üçün 3-cü cəhdində İngiltərə “Tottenhem”inə uduzmamalıdı. Britaniya klubu ilə birisi gün keçiriləcək qarşılaşmada buna nail olacağı halda, “Qarabağ” ölkə futbolu tarixində 2-ci olan seriyasını daha da yaxşılaşdıracaq.

 

Belə ki, evdəki 6 oyunluq yenilməzlik yalnız “Qarabağ”a və 3 dəfə nəsib olubsa, mütləq rekord “Neftçi”yə məxsusdu. Bakılılar 2000-12-ci illərdə ardıcıl 14 ev oyununda məğlub olmayıb.

 

0