Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah PAOK-la qarşılaşacaq “Qəbələ” klubu Yunanıstana yollanıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” matçın keçiriləcəyi Saloniki şəhərinə artıq çatıblar.
Zədəsinə görə “Sumqayıt”la çempionat görüşünü buraxan Luis Hilario Dodo PAOK-la səfər matçında da komandasına kömək edə bilməyəcək. Kapitan Ellada ölkəsinə yollanan heyətdə yer almayıb. Onunla yanaşı, əsas heyətə nadir hallarda düşən Asif Məmmədov da Salonikiyə aparılmayıb.
“Qəbələ”nin PAOK-dan icarəyə götürdüyü Fakundo Pereyra iki klub arasındakı razılaşmaya əsasən, bu görüşü buraxacaq. Buna baxmayaraq, argentinalı futbolçu kollektivlə birgə Salonikiyə yollanıb.
Avropa Liqasında “Borussiya” ilə görüşü, həmçinin Topaz Premyer Liqasının son 2 oyununu buraxan Dmitri Bezotosnı isə zədəsini sağaldıb və PAOK-la matça tam hazırdı. Baş məşqçi şans verəcəyi halda, Yunanıstana aparılan ukraynalı qapıçı sabahkı qarşılaşmada iştirak edəcək.
Qeyd edək ki, “Qəbələ” Salonikidəki ilk və tək məşqini bu gün keçirəcək.