Topaz Premyer Liqasının XIV turunun “Neftçi” ilə “Qarabağ” arasında mərkəzi oyununu idarə edəcək Ömər Paşayev mövsümdə 7-ci dəfə meydana baş hakim kimi çıxacaq. Apasport.az saytının məlumatına görə, əvvəlki 13 turda 6 matçda söz sahibi olar referi 3 dəfə meydan sahiblərinin, 2 dəfə qonaqların qələbəsini görüb, 1 dəfə bərabərliyə şahid olub.
Yeganə penaltini meydan sahiblərinin lehinə verən Paşayev qırmızı vərəqədən istifadə etməyib. Onun göstərdiyi 15 sarı vərəqədən 7-si meydan sahibi, 8-i qonaq komandanın üzvlərinə göstərilib.
Paşayev “Neftçi” və “Qarabağ”ın hərəsinin bir oyununda fit çalıb. Hər iki halda o, çempionatın autsayderi “Rəvan”la matçın baş hakimi olub.
“Neftçi” həmşəhərlilərinə 2:3 hesabı ilə uduzubsa, ağdamlılar 3 xalı 1 qolla qazanıb. Referi bu dəfə iki titullu klubun öz aralarındakı qarşılaşmada iş başında olacaq. O, əvvəlki oyunlarda “Neftçi”ni 2, “Rəvan”ı 4 (hər oyunda 2) sarı vərəqə ilə cəzalandırıbsa, “Qarabağ”ın oyunçularını cəzalandırmayıb.