[b]Rikardinyo: "Borussiya" bizə qrupdan çıxmaq imkanı yaradacaq - MÜSAHİBƏ[/b]
26.11.2015 - 10:02
[b]Rikardinyo: "Borussiya" bizə qrupdan çıxmaq imkanı yaradacaq - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin braziliyalı futbolçusu Rikardinyonun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda məğlub edə bilmədiyiniz PAOK-la budəfəki dueldən hansı nəticəni gözləyirsiz?

- Yunanıstandan qələbə ilə ayrıla bilərik. Komandanın buna gücü çatar. Bakıdakı oyunu xatırlayaq. Həmin görüşdə yaxşı təsir bağışlamışdıq, üstünlük bizdə idi. Qol imkanlarımız da olmuşdu. Bir sözlə, rəqibə bizdən üstün oyun sərgiləməyə imkan verməmişdik.

 

- PAOK-a qalib gəlsəniz, “Krasnodar” – “Borussiya” matçının nəticəsindən asılı olaraq, növbəti mərhələyə çıxmaq şansınız arta bilər...

- Elədi. “Borussiya”nın “Krasnodar”la oyununun nəticəsini gözləyəcəyik. Həmin matç bizim üçün önəmlidi. Əgər Rusiyada hadisələr istədiyimiz kimi cərəyan etsə və ardınca Salonikidə qələbə qazansaq, qrupdan çıxacağımıza inanıram. Ən azı, şansımız artacaq.

 

- “Borussiya” əsas heyətinin bir neçə üzvünü Krasnodara aparmayıb...

- Biz onlara qarşı oynamışıq, “Borussiya”nın necə güclü komanda olduğunu bilirik. Fikrimcə, Dortmund klubu Rusiyada qələbə qazanıb, bizə qrupdan çıxmaq imkanı yaradacaq. PAOK-la görüş asan keçməyəcək. Düzdü, adətən qrupdakı ikinci oyunlarda açıq futbol gedir. Biz də bundan istifadə etməliyik.

 

- Ancaq unutmayaq ki, “Qəbələ” son matçlarda qələbəyə həsrət qalıb. “Uğursuzluq zolağı”na düşməyiniz nə ilə bağlıdı?

- (Gülür). Yaxşı sualdı. Əslində, son oyunlarda da özümüzü pis göstərməmişik. Müdafiədə də, hücumda da aktiv oynamışıq. Səbəbini bilmirəm. Hər komanda arada “uğursuzluq zolağı”na düşür. Komandamızın oyununda yalnız sonuncu ötürmə çatışmır. Başqa heç bir problem yoxdu. Əgər dediyim problemi aradan qaldırsaq, nəticə qazanmağımız üçün əngəl qalmayacaq.

 

- Son nöqtəni qoya bilməməyiniz hücum xəttindəki problemlərdən xəbər verir?

- Yaxşı hücumçularımız var. Biz komanda şəklində oynayırıq. Müdafiədə kompakt çıxış etdiyimiz kimi, hücumda da eyni cür davranırıq. Razıyam ki, hücumçuların əsas işi irəlidə kəsərli olmaq, qol vurmaqdı. Amma uğursuz çıxışı təkcə onların üstünə atmaq düzgün deyil. Biz bir komandayıq və qalib gələndə də, məğlub olanda fərdlərə bölünmürük.

 

- Son görüşlərdəki uğursuz gedişat komandada psixoloji gərginlik yaradıbmı?

- Xeyr. Amma ardıcıl bir neçə oyunda qələbə qazana bilməyəndə, bunu qəbul etmək asan olmur. Azərbaycan çempionatında qarşımıza birinci olmaq məqsədi qoymuşuq. Odu ki, xal itkiləri işimizi çətinləşdirir.

 

- 9 xal geridə qaldığınız “Qarabağ”ı çempionluq mübarizəsində qabaqlaya biləcəksizmi?

- 9 xallıq fərq az deyil. Amma qarşıda çox tur var. Biz öz komandamıza və baş məşqçimizə inanırıq. Növbəti matçlarda yaxşı oynamaqla yanaşı, nəticə də qazanmalıyıq. Amma indiki məqamda diqqətimizi PAOK-la görüşə yönəltmişik. Əgər Yunanıstanda qələbə əldə etsək, “uğursuzluq zolağı”ndan çıxacağıq və pis gedişatı unudacağıq. Futbol belə bir oyundu.

 

- “Qəbələ” ölkə çempionatının cari mövsümünü ikinci pillədə başa vursa, bu, qarşısına çempionluq məqsədi qoymuş komanda üçün yaxşı nəticə sayılacaq, ya yox?

- Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Görəndə ki, bunun üçün şansın var, niyə də istifadə etməyəsən? Çempion olmaq asan deyil. Qızıl medallara sahib çıxmaq istəyən komanda bütün görüşləri yaxşı keçirməli, xal itkisindən bacardığı qədər qaçmalıdı. Biz də bunu etməyə çalışacağıq. Hər tura yüksək konsentrasiya ilə çıxmalıyıq.

 

Tengiz MƏMMƏDOV / Saloniki

 

0