[b]“Qarabağ” rekordunu yeniləyə bilmədi[/b]
27.11.2015 - 00:06
[b]“Qarabağ” rekordunu yeniləyə bilmədi[/b]

“Qarabağ”ın avrokuboklarda keçirdiyi ev oyunlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, noyabrın 26-da Avropa Liqasının qrup mərhələsinin V turunda “Tottenhem”ə (İngiltərə) 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu 386 gündən sonra öz meydanını başıaşağı tərk edib.

 

Tarixinin rekordunu müəyyənləşdirmək imkanını qaçıran “Qarabağ” evdə keçirdiyi son 6 qarşılaşmada uduzmamışdı. Ağdamlılar bunadək də 2 dəfə evdəki avrokubok görüşlərdin 6 oyunluq məğlubiyyətsizliyə imza atsa da, 7-ci matçda uduzmuşdu. Onlar 2009-10 və 2011-13-cü illərdə də bunu gerçəkləşdirib.

 

Ağdamlılar qitə kuboklarında azarkeşləri önündə sonuncu dəfə 2014-cü il noyabrın 5-də Ukrayna “Dnepr”i ilə qarşılaşmada yenilmişdi – 1:2. Həmin – 2014/15 mövsümünün son qarşılaşmasında İtaliya “İnter”i ilə qolsuz heç-heçə edən “Qarabağ” bu il Çempionlar Liqasında “Rudar” (Monteneqro) və “Seltik”lə (Şotlandiya) görüşlərdə də eyni nəticəyə imza atıb. Seriyasını Avropa Liqasında davam etdirən təmsilçimiz “Yanq Boyz”u (İsveçrə) 3:0, “Anderlext”i (Belçika) 1:0 məğlub edərək, “Monako” (Fransa) ilə heç-heçə edib - 1:1.

 

Qeyd edək ki, evdəki 6 oyunluq yenilməzlik seriyasına 3 dəfə imza atan “Qarabağ” Azərbaycan klubları arasında 2-ci göstəriciyə malikdi. Mütləq rekorda sahib olan “Neftçi” 2000-2012-ci illərdə ardıcıl 14 ev oyununda məğlub olmayıb.

0