Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş PAOK – “Qəbələ” matçından (0:0) sonra “qırmızı-qaralar”ın ukraynalı futbolçusu Aleksey Qay jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə təcrübəli yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.
- PAOK-la görüş barədə nə deyə bilərsiz?
- Komandanın əsas strategiyası Avropa Liqasında daha da irəliləmək idi. Bu mənada, nəticədən razı qala bilmərik. Amma oyuna gəlincə nəticəni aktivimizə yazmaq olar.
- Havanın yağışlı və bir qədər küləkli olması oyununuza nə dərəcədə təsir etdi?
- Yaxşı hava var idi. Ən azından, isti deyildi. Qazonun yaş olması sürəti artırmışdı. Buna görə də, hava ilə bağlı problem yaşamadığımızı düşünürəm.
- Salonikidən qələbə ilə qayıtmağınıza nə mane oldu?
- Bu, futboldu. Oyun qolsuz da başa çata bilər. Düzdü, qalib də gələ bilərdik. Ancaq ələ düşən qol imkanlarından yararlana bilmədik.
- Qrupun “Krasnodar”la keçiriləcək son matçı komanda üçün formal xarakter daşıyacaq. Həmin oyuna hansı əhval-ruhiyyədə hazırlaşacaqsınız?
- Qrupdan çıxmaq şansımız qalmasa da, optimistik. Düzdü, "Krasnodar"la görüşdə əldə edəcəyimiz 3 xal heç nəyi dəyişmir. Amma Avropa Liqasının qrup mərhələsində qələbə qazanmaq istəyirik.
- "Qəbələ" bir neçə gün sonra Azərbaycan Premyer Liqasında "Rəvan"la vacib oyuna çıxacaq. Necə düşünürsüz, komanda qısa müddət ərzində fiziki cəhətdən bərpa oluna biləcək?
- Aydın məsələdi ki, PAOK-la oyundan sonra komandada müəyyən yorğunluq var. Ancaq biz tezliklə "Rəvan"la matça hazırlaşacağıq və yalnız qələbəyə oynamalıyıq. Bunun öhdəsindən gələcəyimizə inanıram.