[b]“Qarabağ”ın müdafiəçiləri mənə imkan vermədilər” - Harri Keyn[/b]
28.11.2015 - 15:31
[b]“Qarabağ”ın müdafiəçiləri mənə imkan vermədilər” - Harri Keyn[/b]

“Çox çətin oldu. Amma yenə də qələbə qazanmağı bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in hücumçusu Harri Keyn deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ” üzərində qələbə qazanan London klubuna 3 xalı gətirən yeganə qola məhz Keyn imza atıb.

 

Qarşılaşma ilə bağlı yerli mətbuata danışan İngiltərə millisinin forvardı “Qarabağ”ın oyununu bəyəndiyini söyləyib: “Rəqibimiz bizə çox hücum qurmaq imkanı vermədi. Görünür, oyunumuzu yaxşı təhlil etmişdilər. Xüsusən də, birinci hissədə təhlükəli hücumlar edə bilmirdik. Müdafiəçiləri də səhvsiz oynayırdılar və mənə zərbə vurmaq imkanı yaratmırdılar. Ancaq ikinci hissədə üstünlüyü ələ keçirdik və oyuna diktə etdik. Hətta daha böyük hesabla qələbə qazana bilərdik”.

 

22 yaşlı oyunçu sabah “Çelsi” ilə keçirəcəkləri görüşə də toxunub: “London derbisi öncəsi Avrokubokda qələbə qazanmaq və növbəti mərhələyə vəsiqəni təmin etmək komandada əhval-ruhiyyəni yüksəltdi. Üzərimizdə müəyyən yorğunluq var idi. Ümid edirəm ki, sabahkı matça qədər tam hazır olacağıq. Bu mövsüm hədəfimiz böyükdü. “Çelsi”nin isə uğursuz çıxışı bizi yanıltmamalıdı. Onların çox sayda ulduz futbolçuları var. Ancaq biz də yaxşı formadayıq. Qələbə qazanıb, turnir cədvəlində mövqeyimizi bir qədər də yaxşılaşdırmağa çalışacağıq”.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının XIV turu çərçivəsində sabah keçiriləcək “Tottenhem” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

0