“Qələbə münasibəti ilə “Neftçi”ni təbrik edirəm. “Neftçi” həmişə olduğu kimi istəkli idi. Mən futbolçuların bir neçəsinə istirahət verib, onları qorumaq istədiyimdən heyətdə müəyyən dəyişikliklər etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XIV turu çərçivəsində səfərdə “Neftçi”yə uduzan (0:1) ağdamlıların çalışdırıcısı matçı belə şərh edib: “Düşünürəm ki, hər iki tərəfin azarkeşləri üçün maraqlı derbi oyunu alındı. Oyunçular yorğunluq fonunda mübarizə apardılar, hər birinə təşəkkür edirəm. Sürətli və yaxşı bir oyunun şahidi olduq. Mənim heç bir hakimlə işim yoxdur, o cümlədən Ömər Paşayevlə. Əksinə, diqqətləri daha çox rəqibin oyununa yönəltmək istəyirəm. 90 dəqiqə arxada qalıb, 3 xalı “Neftçi” qazandı, qabardılası bir şey yoxdur. Rəqibin qapıçısı Aqil Məmmədov yaxşı təsir bağışladı. Ümumiyyətlə, “Neftçi” mənim üçün doğma klubdur, onların hər bir qələbəsinə sevinirəm. Məncə, çempionatda mübarizə gərginləşir, irəlidə gərgin oyunlar olacaq. Hər bir rəqib bizim üçün vacibdir, bura “Neftçi” də daxildir”.