Topaz Premyer Liqasının XIV turu 3 futbolçunun sarı vərəqə limitini doldurması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Kəpəz” – “İnter” qarşılaşmasında xəbərdarlıq alanlardan üçü növbəti turu buraxacaq.
Bunlar “İnter”in legionerləri Denis Silva, Zurab Xizanişvili və “Kəpəz”in üzvü Rəşad Eyyubovdu. Cari mövsümdə birbaşa aldığı qırmızı vərəqə üzündən də cəzalı duruma düşən Zurab aldığı “sarı”ların sayını 4-ə çatdırdığından, növbəti dəfə komandasına kömək edə bilməyəcək. Denislə Rəşadın da xəbərdarlıqlarının sayı 4-dü.
İki itki ilə üzləşən “İnter” növbəti turda çempionatın lideri “Qarabağ”ın qonağı olacaq. Gəncə təmsilçisi isə “Sumqayıt”a səfər edəcək.
Qeyd edək ki, XIV turda qırmızı vərəqə alan Nelson Bonilla (“Zirə”) və Elşən Rzazadə (“Xəzər Lənkəran”) bir matçlıq “istirahət qazanıblar”. Sonuncu “Qəbələ” ilə ev oyununda, salvadorlu isə “Neftçi” ilə səfər qarşılaşmasında iştirak edə bilməyəcək.