[b]“Qarabağ”ı “Neftçi” sevindirməlidi...[/b]
09.12.2015 - 16:35
[b]“Qarabağ”ı “Neftçi” sevindirməlidi...[/b]

Topaz Premyer Liqasında 2015/16 mövsümünün ilk yarısının qalibi XVI turda müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, “qış çempionu” adını qazanmaq üçün “Qarabağ”a yalnız bir oyunun münasib nəticə ilə başa çatması kifayətdi.

 

Hazırda ən yaxın izləyicisi “Qəbələ”ni 8 xal qabaqlayan ağdamlıların qış fasiləsinə lider kimi yollanmasının bu tur rəsmiləşib-rəsmiləşməsinə dekabrın 13-də aydınlıq gələcək. Qurban Qurbanovun yetirmələrinin II dövrədən sonra da 1-ci pillədə qalması “Neftçi”dən asılıdı.

 

Müstəqillik dönəmində “Qarabağ”ın əzəli rəqibi olan “ağ-qaralar” Qəbələdə eyniadlı komandaya uduzmasa, ağdamlıların “qış çempionluğ”u rəsmiləşəcək. Meydan sahiblərinin heç-heçə və ya məğlub olması onların liderə çatmaq şanslarının üstündən xətt çəkəcək.

 

Əgər bu oyunun nəticəsi fasiləyə kimin lider kimi yollanacağına aydınlıq gətirməsə, yəni “Qəbələ” qalib gəlib, xal fərqini 5-ə endirsə, ağdamlılar özləri bu məsələyə aydınlıq gətirə bilər. Belə ki, fərq 5-ə qədər azaldıqdan sonra “Zirə” ilə səfər oyununa çıxacaq Qurbanovun yetirmələri qalib gələrək, 1-ci yeri təmin edəcək.

 

“Qış çempionu”nun rəsmiləşməsinin növbəti turlara qədər təxirə salınması isə yalnız o halda mümkündü ki, “Qəbələ” qalib gəlsin, “Qarabağ” isə qələbə qazana bilməsin. Bu isə iki qarşılaşma ilə bağlı XVI turda qeydə alına bilən 9 variantdan yalnız ikisində (“Qəbələ” və “Zirə” qalib gəlir və ya “Qəbələ” udur, zirəlilər heç-heçə edir) mümkündü. Digər 7 variant isə ağdamlıların lehinədi.

 

0