“Oyunun ədalətli nəticəsi 2:2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Topaz Premyer Liqasının XVII turunun açılış matçında öz meydanında “İnter”i qəbul edən “sarı-qırmızılar”ın çalışdırıcısı 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əgər əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.