[b]“Zirə” – “Qəbələ”: Fariz Yusifov “heç-heçə” deyir[/b]
16.12.2015 - 14:14
[b]“Zirə” – “Qəbələ”: Fariz Yusifov “heç-heçə” deyir[/b]

Topaz Premyer Liqasının XVII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Qəbələ” oyununun baş hakimi Fariz Yusifov heç-heçə qeydə almağa adət edib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşmasında fit çalacaq ədalət təmsilçisi cari mövsümdə idarə etdiyi 8 çempionat görüşündə 6 bərabərlik qeydə alıb.

 

Digər oyunların birində meydan sahibləri, digərində qonaqlar 3 xala sevinib. Səfərdə qələbə qazanan yeganə komanda “Qəbələ”di. Əyalət təmsilçisi II turun AZAL-la matçında 2 cavabsız qolla qələbə qazanıb. Bu, Yusifovun cari mövsümdə “Qəbələ”nin iştirakı ilə idarə etdiyi yeganə görüşdü. Sabiq FİFA referisi həmin matçda bakılıları 3 sarı vərəqə və penalti ilə də cəzalandırıb.

 

Ümumiyyətlə isə Yusifovun baş hakimi olduğu matçlarda 2-dən artıq qol nadir hallarda vurulur. Buna 1 dəfə - 2:2 hesabı ilə başa çatan “Sumqayıt” – “Kəpəz” matçında təsadüf olunub. 3 dəfə 0:0, 2 dəfə 1:1 hesabı qeydə alan referi 1:0 və 2:0-a da şahidlik edib. Bir sözlə, o 8 qarşılaşmada 11 qol görüb.

 

3-cü dəfə “Zirə” ilə yolları kəsişən ədalət təmsilçisi qəsəbə klubunun “İnter”lə hər iki matçında fit çalıb. Bu qarşılaşmalarda qol vurulmayıb – 0:0, 0:0. Yusifov “Zirə”ni 8, “İnter”i 3 sarı vərəqəylə cəzalandırıb.

 

8 çempionat qarşılaşmasında 49 vərəqə göstərən hakim 22 dəfə meydan sahibləri, 27 dəfə qonaqları cəzalandırıb. Sonuncuların vərəqələrindən biri qırmızı, ikisi isə buna səbəb olan sarılardı. Mövsümdə 3 dəfə penalti təyin edən referi 1 dəfə qonaqların, 2 dəfə meydan sahiblərinin əleyhinə qərar verib.

 

Maraqlıdı ki, onun bütün penaltiləri uzatma dəqiqələrinə təsadüf edib. AZAL – “Qəbələ” qarşılaşmasının (0:2) 45+1-ci dəqiqəsində Aleksey Qay, “Qarabağ” - “Nefrçi” matçının (1:1) 90+1-ci dəqiqəsində Riçard Almeyda, “Sumqayıt” -“Kəpəz görüşünün 90+5-ci dəqiqəsində Tural Axundov penaltidən qol vurub.

 

0