Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Neftçi” AZAL-ı sınağa çəkəcək.
Paytaxt klublarının qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Bu, FİFA referisinin cari çempionatda 9-cu matçında fit çalacaq.
Ağayevin baş hakimi olduğu əvvəlki 8 oyunda meydan sahibləri 4, qonaqlar 3 dəfə qalib gəlibsə, 1 dəfə heç-heçə qeydə alınıb. Bu matçlardan yalnız birində 2-dən az qol vurulub. Ümumilikdə isə hakim 23 topun vurulmasını görüb.
Meydan sahiblərinə 16, qonaqlara 20 vərəqə göstərən Ağayev göstərdiyi 3 qırmızıdan ikisini səfərdə oynayan komandaya verib. Meydan sahiblərinin qapısına 2 penalti də təyin edən FİFA referisi “Neftçi”ni iki dəfə azlıqda qoyub.
“Ağ-qaralar”ın 3 səfər matçını idarə edən ədalət təmsilçisi bakılılara ikisi qırmızı olmaqla 12, meydan sahiblərinə 7 vərəqə verib. AZAL-ın matçına 1 dəfə təyinat alan Ağayev həmin görüşdə hər tərəfə 2 sarı verib. “Təyyarəçilər”i penalti ilə cəzalandıran referi qeyri-dəqiq zərbəyə şahid olub.
Maraqlıdı ki, Ağayevin idarəçiliyi ilə həm AZAL, həm “Neftçi”nin iştirakı ilə keçirilən qarşılaşmalarda 2 top fərqi qeydə alınıb. “Neftçi” “Rəvan”ı 3:1, “Xəzər Lənkəran”ı2:0 məğlub edib, “Zirə”dən 2 cavabsız qol buraxıb. AZAL isə “Sumqayıt”ı eyni hesabla açıb.