Topaz Premyer Liqasının XVIII turunun mərkəzi oyunu olan “Qarabağ” – “Qəbələ” qarşılaşması FİFA hakimi Əliyar Ağayevə tapşırılıb. Apasport.az saytının məlumatına görə, komandaların I dövrədəki görüşündə də eyni hakim fit çalmışdı.
I turun avqustun 10-da, Qəbələdə keçirilən görüşündə qalib müəyyənləşməmişdi – 2:2. 131 gün öncə baş tutan qarşılaşmada meydan sahiblərini qırmızı vərəqə və penalti ilə cəzalandırmışdı. O, ev sahibi komandanın 2, qonaqların 1 üzvünə də xəbərdarlıq etmişdi.
Ümumiyyətlə Ağayev Premyer Liqanın 9 oyununda meydan sahiblərini 19 sarı, 1 qırmızı və 2 penalti ilə cəzalandırıb. Qonaqlar isə 2-si qırmızı olmaqla, 22 vərəqə görüblər. Bu matçlarda 4 dəfə meydan sahibləri, 4 dəfə də səfərdə oynayan tərəf qalib gəlibsə, yeganə heç-heçə ilk tura təsadüf edib.
“Qarabağ”ın iki oyununa təyinat alan Ağayev “Qəbələ”dən başqa, “İnter”lə görüşdə də fit çalıb. Ağdamlılar həmin matçda 1:0 hesabı ilə qalib gəlib. Referi komandaların hərəsinə 1 sarı vərəqə göstərib.
“Qəbələ”nin də yolları bu hakimlə 2 dəfə kəsişib. İlk turdan sonra onlar “Kəpəz”lə iki gün davam edən dueldə Ağayevi görüb. Hava şəraiti üzündən ertəsi gün başa çatdırılan qarşılaşmada “qırmızı-qaralar” 1:2 hesabı ilə uduzub. Hakim “Qəbələ”ni 1, “Kəpəz”i 2 sarı vərəqə ilə cəzalandırıb.