Topaz Premyer Liqasının XVIII turunun ilk oyunu rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt” – “Rəvan” qarşılaşmasında mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.
Sumqayıtda keçirilən görüşdə ümumilikdə 6 qol vurulub. Bu da cari çempionatın ən məhsuldar oyunu adına şərik olmaq üçün kifayət edib. Belə ki, arxada qalan 17 turun ən çox qol vurulan oyununda da 6 top qeydə alınmışdı. İki ay əvvəl baş tutan VII turun “Qəbələ” – “Xəzər Lənkəran” görüşündə meydan sahibləri 6:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, meydan sahiblərinin futbolçusu Amil Yunanov da mövsümün rekordunu təkrarlayıb. O, ardıcıl 4 matçda qol vuraraq, “Neftçi”nin bombardiri Ruslan Qurbanovun qol seriyasındakı rekordu təkrarlayıb.