“Yaxşı, maraqlı oyun alındı. Matçın xüsusilə, son anlarında çox həyəcanlı epizodlar yaşandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan ağdamlıların çalışdırıcısı 1:1 hesabla başa atan oyundan sonra qarşılaşmanı dəyərləndirib: “Futbolçular səbrli oyun nümayiş etdirdilər. Bu oyunda 0:2 hesabıyla məğlub da ola bilərdik. Ancaq əksi də ola bilərdi. Hər iki komanda istirahətə layiqdi. Futbolçularımdan razı qaldım”.
- Sizcə, komandanın hücum xəttində problemlər var?
- Bizdə hücum xəttində həmişə problemlər olur. Yaxşı hücumçu olsa, komandaya cəlb etməyə hazırıq.
- Qələbə üçün komandada nə çatmadı?
- Hər iki komanda ağır mövsüm keçirməsinə baxmayaraq, meydanda sürətli oyun nüməyiş etdirdilər. Qələbə üçün qol çatmadı. Şanslarımız olsa da, bunu dəyərləndirə bilmədik. Hər bir futbolçu belə fürsətləri dəyərləndirmək üçün öz üzərində çalışmalıdı.
- Rahid Əmirquliyevin "Qarabağ"la razılaşdığı deyilir...
- Rahid kimi futbolçunun komandamda olmasını istəyərdim. Ancaq transfer məsələləri hələ tam aydın deyil.
- Sabiq futbolçunuz Muarem Muarem "Qarabağ"a qayıtmaq istədiyini deyib...
- Əvvəl də demişdim, Muarem kimi oyunçunu komandamda görmək istəyərdim. Ancaq dediyim kimi, hələ heç nə aydın deyil.
(futbolinfo.az)