“Oyunda erkən qol vurduq. Bundan sonra hücum edərək, ikinci qolu vurmalıydıq. Ancaq bunu bacara bilmədik və rəqib üstünlüyü ələ alaraq, hesabı bərabərləşdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşan “Qəbələ” matçdan 1 xalla ayrılıb.
Oyundan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Roman Qriqorçuk qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Bu, mənim istədiyim oyun deyil. Penaltidən fərqlənmək şansımız olsa da, bunu dəyərləndirə bilmədik”.
- Komandada Cavid Hüseynovun yeri nə dərəcədə görünür?
- Cavid həm Azərbaycan futbolu üçün, həm də bizim üçün çox vacib oyunçudu. Onun üçün çox darıxırıq. İstəyərdik ki, onunla bağlı vəziyyət tezliklə düzəlsin. Komandada onun yeri görünür. Çox istəyərdim ki, o, azadlığa çıxsın və yeni ildən bizimlə olsun.
- Komandada penalti zərbələrini kim yerinə yetirir? Dodonu penaltini qola çevirə bilmədiyinə görə cəza gözləyir?
- Mən hər oyundan öncə penaltini kimin vuracağını deyirdim. Ancaq bu dəfə deməmişdim. Yəqin ki, Dodo özünə çox güvəndiyindən topa yaxınlaşdı. Təəssüf ki, penaltini dəyərləndirə bilmədi. Bizdə adətən penalti zərbələrini Aleksey Qay yerinə yetirir.
- Qış fasiləsində komandaya yeni futbolçular qoşulacaq?
- Bu barədə hələ ki heç nə deyə bilmərəm. Çünki hələ dəqiq heç nə yoxdu. Danışıqlar yekunlaşdıqdan sonra demək olar. Bizdən ayrılan futbolçular da olacaq. Ola bilsin, hansısa futbolçuyla danışıqlar getsin, ancaq transfer alınmasın. Belə olduğu halda, yeni suallar meydana çıxır.
- Oyunun 84-cü dəqiqəsində hakim topun "Qəbələ"dən çıxdığını bildirsə də, İlqar Qurbanov topun ondan meydanı tərk etdiyini dedi və bundan sonra Qurban Qurbanovun göstərişiylə top "Qəbələ" futbolçularına qaytarıldı...
- Məncə, bu təqdirəlayiq haldı. Bir müddət öncə penaltiylə bağlı da belə hal olmuşdu.
(futbolinfo.az)