"Meydança normal futbol oynamağa imkan vermirdi. Standart vəziyyətlərdən daha çox yararlanmağa çalışırdıq. Belə meydançada oynamaq ağır idi. Oyun çətin keçdi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Kəpəz”lə qarşılaşan “Neftçi” səfərdən 1:1 hesablı bərabərliklə dönür.
Oyundan sonra “ağ-qaralar”ın çalışdırıcısı qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: "Gəncə klubu mübariz oyun göstərdi. Şahin müəllim döyüşkən komanda yaratdı".
- "Neftçi" 2 xal itirdi, yoxsa...?
- Bir neçə epizodda hesabda irəli keçə bilərdik. Ümumilikdə hər iki komandanın şansı vardı. Hesab edirəm ki, iki xalı biz itirdik.
- Artıq ilin son oyununu keçirdiniz. Komandada qalıb-qalmamağınıza aydınlıq gəlib?
- Yaxın günlərdə hər halda bu məsələ məlum olacaq. Öz işimi gördüm və əlimdən gələni etdim ki, çətin durumdan komandanı çıxardaq. "Neftçi"də yüksək texnikaya malik olan futbolçular var.
- Özünüz üçün qış planı hazırlamısınız?
- Təbii ki, rəhbərlik etimad göstərsə, olacaq. Oyunçu qıtlığı var və bir neçə futbolçuda zədə problemi var. Tam istədiyimi ala bilmədim.
- Araz Abdullayev olmayanda ”Neftçi" daha yaxşı oyun göstərirdi...
- O, komandanın kapitanıdı. Uzun müddət məşqsiz qalmağı təsir edir. Bugünkü oyunda daha istəkli idi. Azərbaycanda 4-5 oyunçu varsa, biri Arazdı. Onun böyük potensialı var. Hesab edirəm ki, bu yaxınlarda başqa Araz görəcəksiniz.
- Komandada qalası olsanız, qapıçı transferi istəyəcəksiniz?
- Aqilin oyunundan razıyam və millinin oyunçusudu. Səhvsiz insan yoxdu.
- Fəhminin vəziyyəti ilə bağlı son məlumat var?
- Onu xəstəxanaya aparıblar. Düşünürəm ki, bu vəziyyətdə qırmızı vərəqə verilməli idi. Futbolçu kimi deyə bilərəm ki, bu epizodda penalti verlməli idi. İnşallah o, çətin duruma düşməz.
- Ramosun Şahin Diniyevin üzərinə hücum çəkməsi məsələsinə nə deyərdiniz?
- Şahin təmkinli biridi. Amma necə olduğuna tam aydınlıq gətirməliyik. Şahin müəllimi birinci dəfədi ki, belə aqressiv görürəm.
- Böyükağa Hacıyev baş məşqçinin çamadanının hazır olmasını deyirdi...
- Hər yerdə belədi. "Neftçi" xalqın komandasıdı və burda böyük məsuliyyət var. "Neftçi"də işləyib etimadı doğrultmaq o qədər də asan deyil. Məşqçinin işi budu. Sovet vaxtı deyirdilər ki, məşqçi iki ərizə yazmalıdı. Biri işə girmək üçün, biri də işdən çıxmaq üçün.
- İki qırmızı vərəqə, Erik Ramosla Diniyev qalmaqalını nəzərə alsaq, oyunu “Sülh və müharibə” adlandırmaq olar?
- Oyun müharibədi. Müharibədə tempratur ölçülmür. Çünki bunlar meydançada olur. Kənarda isə hamı eynidi.