AZAL Topaz Premyer Liqasının 2015/16 mövsümünün ilk yarısını iki uğurlu seriya ilə başa vurub. Apasport.az saytının məlumatına görə, Tərlan Əhmədovun yetirmələri ardıcıl 3 qarşılaşmada qalib gəlib.
XV turda “Rəvan”la qolsuz heç-heçə edən “təyyarəçilər” sonrakı 3 oyunda 9 xal əldə edib. Bakılılar “Xəzər Lənkəran”, “Neftçi” və “Zirə” ilə görüşlərin hamısında eyni – 1:0 hesabı ilə qalib gəlib.
Bu 4 oyundan başqa XIV turun “Sumqayıt”la görüşündə də qapısını toxunulmaz saxlayan AZAL artıq 5 matçdı qol buraxmır. Stanislav Namaşko sonuncu dəfə noyabrın 23-də qapısında qol görüb. “İnter”lə XIII turun matçında 0:2 hesabı ilə uduzan “təyyarəçilər”i sonuncu dəfə Abbas Hüseynov məyus edib. Onun 85-ci dəqiqədəki qolundan sonra Namaşko 455 dəqiqədi qapısını toxunulmaz saxlayır.