Topaz Premyer Liqasında qış fasiləsinə 3-cü yerdə çıxan “Zirə”nin hazrlıq planı məlum oldu. Apasport.az saytının məlumatına görə, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək.
Dörd gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək debütant təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.
Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və kollektiv yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.
Bu arada, qarşılıqlı razılığa əsasən müdafiəçi Eltun Hüseynov komanda ilə yollarını ayırıb.
(klub saytı)