[b]Azərbaycan idmançısı üçün görünməmiş şans[/b]
11.01.2016 - 17:44
[b]Azərbaycan idmançısı üçün görünməmiş şans[/b]

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2015-ci ilin ən yaxşı atleti adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilin ağırlıqqaldıranı adına 5 kişi və 5 qadın idmançı iddia edir.

 

Planetin ən güclü 5 qadın idmançısı arasında Azərbaycan millisinin lideri də yer alıb. Belə ki, ötən il ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanmaqla, 2 dünya rekordunu yeniləyən Boyanka Kostova ilin ağırlıqqaldıranı seçilməyə namizəddi.

 

Maraqlıdı ki, bu “beşlik”də yalnız 2 qitənin üzvləri yer alıb. Milliləşən bolqarıstanlı idmançımızla yanaşı, rusiyalı Tatyana Kaşirina da Avropanı təmsil edir. Ən yaxşı adını qazanmaqda onların rəqibləri isə asiyalılardı. Çinlilər Vey Denq və Yue Kanq, həmçinin tayvanlı Şu-Çinq Hsu 2015-ci ilin idmançısı seçilə bilər.

 

Kişilərin mübarizəsində isə Lijun Çen, Jiyonq Şi (hər ikisi Çin), İlya İlyin (Qazaxıstan), Artyom Okulov (Rusiya) və Çol Om Yundu (KXDR).

 

2015-ci ilin ən yaxşıları qurumun rəsmi saytı vasitəsilə keçirilən səsvermə ilə müəyyənləşəcək. Planetin ən yaxşılarının adları isə yanvarın 31-də bəlli olacaq. 

0