[b]“Azərbaycan yığmasından bir addım öndəyik” - MÜSAHİBƏ[/b]
05.02.2016 - 00:01
[b]“Azərbaycan yığmasından bir addım öndəyik” - MÜSAHİBƏ[/b]

Azərbaycan yığması futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün Çexiya millisi ilə qarşılaşacaq. Turnirdə ilk oyununa çıxacaq çexiyalıların qapıçısı Andrey Vahala qarşılaşmadan öncə apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Azərbaycan yığması ilə qarşılaşma haqda nə düşünürsünüz?

- Avropa çempionatının final mərhələsi çərçivəsində keçirilən bütün oyunlar ağır və çətin olur. Çünki burda ən güclü komandalar iştirak edirlər. Hər bir kollektivdə yaxşı oyunçular var. Təbii ki, onlar da meydanda əllərindən gələnin ən yaxşısını edirlər. Bir sözlə, yaxşıların cəmləşdiyi turnirin bütün matçları çətin keçir. Azərbaycanla oyunumuz da istisna deyil. Bilirik ki, ikinci görüşümüzü İtaliyaya qarşı keçirəcəyik. Onlar Avropa çempionudular və hazırkı çempionata yaxşı başlayıblar. Ona görə də yığmanızla matçdan çətin olsa belə, müsbət nəticə ilə ayrılmalıyıq.

 

- Azərbaycandan fərqli, siz rəqibin oyununu canlı izləmisiniz. Təəssüratlarınız necədi?

- Əlbəttə, yığmanızdakı braziliyalı futzalçılar seçilirlər. Onlar yüksək taktiki-texniki hazırlığa malikdilər. Digər oyunçularınız da formadadılar. Gördüyümə əsasən, bizi çətin oyunun gözlədiyi qənaətindəyəm.

 

- Adətən ilk oyunlar çətin keçir. Siz də siftəni bu gün edəcəksiniz. İlk matçla bağlı həyəcan varmı?

- Həyəcan deməzdim. Həm də asan oyun yoxdu. İstənilən halda, işimiz çətin olacaq. Azərbaycan ilk oyunda uduzduğu üçün bizimlə matçdan mütləq qələbə ilə ayrılmaq istəyəcək. Biz də bu görüşdə qələbə qazanıb, 1/4 finalına vəsiqəni təmin etmək istəyirik. Necə olacaq, onu oyun zamanı görəcəyik.

 

- Oyunöncəsi şansları necə dəyərləndirirsiniz?

- Nəticə barədə danışmaq tezdi. Oyun zamanı az səhvə yol verməliyik. Çünki istənilən səhv qolla nəticələnə bilər. Azərbaycan - İtaliya oyununda bunu gördük.

 

- İtaliya qrupun, eyni zamanda çempionatın favoritidi. İkinci pilləni hansı komanda tutacaq?

- Düşünürəm ki, Azərbaycan yığmasından bir addım öndəyik. Təbii ki, ikinci yerin sahibi böyük ölçüdə bu oyunda müəyyənləşəcək.

0