[b]“Rəvan”ı aşağılamaq fikrim yoxdu, ancaq...” – Araz Abdullayev[/b]
05.02.2016 - 19:48
[b]“Rəvan”ı aşağılamaq fikrim yoxdu, ancaq...” – Araz Abdullayev[/b]

“Etiraf edək ki, birinci hissə o qədər də yaxşı oynamadıq. Ancaq ikinci hissə başlayan kimi bir neçə imkanımız oldu. Onlardan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev deyib.

 

Topaz Premyer Liqasının XX turu çərçivəsində “Rəvan”la qarşılaşan “ağ-qaralar” qarşılaşmadan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Qarşılaşmadan sonra açıqlama verən Araz Abdullayev matç haqqında fikirlərini bölüşüb: “Rəqibin hesabı açmasına baxmayaraq, ruhdan düşmədik və cavab qolunu vurmağı bacardıq. İkinci qolu da vura bilərdik, ancaq şanssızlıq imkan vermədi. “Rəvan”ı da səfərdə qazandığı bir xala görə təklif edirəm. Sonrakı oyunlar üçün hazırlaşmalıyıq”.

 

Zəif rəqiblərə qarşı matçlarda istənilən kimi çıxış edə bilmədiklərini qeyd edən yarımmüdafiəçi bunu diqqətsizliklə əlaqələndirib: “Qarabağ”, “Qəbələ” kimi rəqiblərlə oynayanda motivasiya daha güclü olur. Bu cür oyunlarda da çalışırıq ki, oyuna daha ciddi yanaşaq. Ancaq futboldu, diqqətsizlik olur və bu cür nəticələr qaçılmazdı. “Rəvan”ı aşağılamaq fikrim yoxdu, lakin baxırsan ki, “Neftçi”yə qarşı oynayanda daha başqa cür çıxış edirlər. Biz də çalışdıq. Qalib də gələ bilərdik”.

 

Abdullayev oyunun gedişində tez-tez mübahisə etdiyi qarşılaşmanın baş hakimi Elvin Əsgərov haqqında da fikir bildirib: “Hakimlik haqqında nəsə deməyə gərək duymuram. Elvinlə yaxın dostuq, görüşürük, söhbət edirik. Meydanda atmosfer gərgin olur, hamı istəyir ki, temp yüksək olsun, ancaq qarşılaşma tez-tez dayananda temp də ölür. Ona görə, xırda etirazlar edirdik. Belə şeylər də oyunda olan normal haldı”.

0