[b]“Həmin 3 nəfər bizim 6-7 legionerə dəyər” – MÜSAHİBƏ[/b]
10.02.2016 - 16:55
[b]“Həmin 3 nəfər bizim 6-7 legionerə dəyər” – MÜSAHİBƏ[/b]

Futzal üzrə Azərbaycan yığmasının keçmiş hücumçusu Ağatahir Əzimovun apasport.az saytına müsahibəsi

 

- Yığmamız Avropa çempionatının 1/4 final mərhələsində Rusiyaya (2:6) məğlub olaraq, mübarizəni dayandırdı. Millimizin qitə birinciliyindəki çıxışını necə dəyərləndirirsiz?

- Deyə bilərəm ki, bu, əvvəlki illərlə müqayisədə yığmamızın ən zəif heyəti idi. Bundan öncəki turnirlərdə Serjao, Biro Jade kimi yüksək səviyyəli futzalçılar var idi. Onların sayəsində Avropa çempionatında 4-cü yeri tutmuşdular. Təəssüf ki, budəfəki legionerlərimiz zəif idilər. İndiki əcnəbilərlə Azərbaycan çempionu ola bilərsən. Amma böyük turnirlərdə onlarla irəli getmək mümkün deyil.

 

- Sözlərinizdən belə çıxır ki, yığma turnirdə bundan artığını edə bilməzdi?

- Məncə, bu heyətlə 1/4 finala çıxmaq çox böyük nailiyyətdi. Komandamızın oyunlarını diqqətlə izləyirdim. Millimiz bundan artığını edə bilməzdi. 1/4 finala da necə vəsiqə qazandılar? Qrupda Çexiya yox, başqa bir komanda rəqib olsaydı, qrupdan çıxmaq şansımız çox az olardı. Fikrimcə, Çexiya bu çempionatın ən zəif komandası idi.

 

- Komandamızın irəliləyə bilməməyi yalnız braziliyalılarla bağlı idi?

- Bilirsiz, ilk görüşdə pis təsir bağışlamırdılar. Mən daha çox qapıçımız Rövşən Hüseynlinin oyununu fərqləndirərdim. Baş məşqçi Vitali Borisov, Rizvan Fərzəliyev kimi yerli uşaqlardan az istifadə etdi. Braziliyalılar da yorulurdular. Bütün oyunu 5 nəfərlə keçirə bilməzlər ki... Sergey Çuykovu ora turist kimi aparmışdılar? Elə azərbaycanlı bir gənci turist kimi aparıb ehtiyatda oturdardılar da. Deyərdik ki, heç olmasa yerli uşaqdı, orda nəsə öyrənə bilər. Çuykov bir saniyə də oynamadı. Onu nəyə aparmışdılar?

 

- Heyətdə 5 braziliyalı futzalçı var idi. Sizcə, daha güclü oyunçular gətirmək olmazdı?

- Bir gün ərzində vətəndaşlıq vermək olmur axı. Bunun üçün müəyyən müddət burda oynamalıdı. Gündə birini yerli vətəndaş edib, oynada bilməzsən. Hazırkı legionerlərimizin gücü budu.

 

- Problemin kökü nədədi?

- Vaxtında azərbaycanlıları yetişdirmək lazımdı. Bizim nə bir futzal məktəbimiz var, nə yerli oyunçu yetişir. Oynaya bilən yerlilərin hamısını qovduq, getdilər. Yerlərinə də gələn yoxdu. Çünki nə məktəb var, nə klubların əvəzedici heyətləri. Braziliyalıları gətirib vətəndaşlıq verməklə inkişafa gedirik?

 

- Vaxtilə bu ölkədən Ağatahir Əzimov kimi hərəkətli, məhsuldar futzalçı çıxıb. İndi niyə braziliyalıların ümidinə qalmışıq?

- Uşaqlarla işləyən yoxdu. Böyük futboldan kimsə acıq edib futzala gəlsə, onunla da irəli getmək olmaz. Axtarmaq, istedadlı gənclər tapmaq lazımdı. Keçmiş futzalçıları heç olmasa saxlayıb, onlara iş verərdilər. Uşaq məktəbləri açardılar, biz də işləyib yetişdirərdik.

 

- Qazaxıstanın həm futbol, həm də futzal yığmasını yəqin ki, nümunə götürmək olar...

- Bəli, Qazaxıstan özü yetişdirir. Onların yerli hücumçusu Serik Zamankulov hazırda 4 qolla Avropa çempionatında bombardirlər sırasında yer alır. Elə-belə komandalara da qol vurmayıb. İtaliya, Xorvatiya, Rusiya kimi rəqiblərlə matçlarda fərqlənib. Özü də təkcə o oynamır. Çingiz Yesenemanov, Dinmuxamet Süleymenov kimi yerli oyunçular da müntəzəm çıxış edirlər. Onların cəmi 3 braziliyalıları var ki, həmin 3 oyunçu bizim 6-7 legionerimizə dəyər.

 

- Bizdə belə istedadlı uşaqlar üzə çıxarmaq olmaz?

- Əlbəttə, olar. Sadəcə, axtarmaq, bunun üzərində işləmək lazımdı. Bacarıqlı gənclər var. Azərbaycanlını aparıb ehtiyatda oturtmaqla, onu inkişaf etdirə bilməzsən. Braziliyalılar oynayır, azərbaycanlılar oturub baxırlar. Yaxşı, ora Avropa çempionatıdı, orda oynamağa imkan vermirsiniz. Heç olmasa, turnirlərə aparmaq lazımdı ki, gedib öyrənsinlər, təcrübə toplasınlar. Azərbaycan çempionatında oynamaqla “artıra” bilməzlər. 3 klubumuz futbol oynayır, qalan komandalar gəzirlər. 25:0, 30:0 hesabı olar, belə komandalar olar?

 

- Builki Avropa çempionatının ən yaxşı qapıçılarından biri də Rövşən Hüseynli sayılır. Sizcə, o, ölkə xaricində legioner həyatı yaşasa, daha yaxşı olmaz?

- Rövşən bundan əvvəl 5 il orda-burda oynadı, ona heç baxan yox idi. “Araz Naxçıvan”a gəldi, yığmaya düşdü. Gördülər ki, bu qapıda dayana bilir. 5 il idi onu görən yox idi. Kim baxmalıdı, izləməlidi? Baxan yoxdu.

 

- Avropa çempionatında artıq yarımfinalçılar bilinir. Sizcə, finalçılar və çempion hansı komanda olacaq?

- Məncə, İspaniya ilə Rusiya finala adlayacaq, ispanlar da çempion olacaqlar.

 

- Qazaxıstan yığmasından sürpriz gözləmək olar?

- Qazaxıstan artıq bir sürpriz göstərdi. İtalyanlar arxayın çıxdılar ki, rahat qələbə qazanacağıq. Saymazyana davrandılar. Qazaxıstan da göstərdi ki, oynamağı bacarır. Amma məncə, ispanlar belə səhv etməzlər, onlara imkan verməzlər. O ki qaldı Rusiyaya, fərdi qaydada güclü oyunçulara malikdi. Amma komanda şəklində zəif təsir bağışlayırlar. Düzdü, rusların böyük çətinliklə Serbiyanı məğlub edəcəyini düşünürəm. Amma finalda İspaniya qarşısında şansları yoxdu.

 

Ruslan SADIQOV

0