[b]“Barselona” və Luis Enrikedən yeni rekordlar[/b]
11.02.2016 - 11:38
[b]“Barselona” və Luis Enrikedən yeni rekordlar[/b]

“Barselona” və onun baş məşqçisi Luis Enrike yeni rekordlara imza atıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Enrike Kataloniya klubunu ən uzun məğlubiyyətsizlik seriyasına daşıyan məşqçi kimi tarixə düşüb.

 

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Valensiya” ilə səfərdə qollu (1:1) bərabərə qalan “Barsa” bununla ardıcıl 29-cu oyundu ki, məğlubiyyət üzü görmür. Luis Enrike bununla 2010/11 mövsümündə Xosep Qvardiolanın 28 oyunluq rekordunu yeniləyib və klubun tarixinə düşüb. Bundan sonra komanda uduzmadığı müddətdə 46 yaş mütəxəssis öz rekordunu yeniləmiş olacaq.

 

Kataloniya təmsilçisi Kral Kubokunun finalına vəsiqə qazanmaqla da yeni rekord müəyyənləşdirib. Belə ki, 38-ci dəfə finala adlayan “Barsa” “Atletik”lə birgə bölüşdüyü 37 həlledici matçda iştirak etmək rekordunu yeniləyib. Kuboku ən çox müzeyinə aparan (27 dəfə) “Barselona” həm də ardıcıl 3-cü dəfə finala adlayıb.

 

Qeyd edək ki, “Barselona” ilk oyunda “Valensiya”nı 7:0 hesabı ilə məğlub etmişdi. Digər finalçının adına isə bu gün baş tutacaq “Selta” – “Sevilya” (ilk görüş 0:4) matçından sonra aydınlıq gələcək.

0