[b]“Braziliyalılar “mandraja" düşmüşdülər” – MÜSAHİBƏ[/b]
11.02.2016 - 14:38
[b]“Braziliyalılar “mandraja" düşmüşdülər” – MÜSAHİBƏ[/b]

Futzal üzrə Azərbaycan millisinin məşqçisi Hacıbala Abdullayevin apasport.az saytına müsahibəsi

 

- Yığma Avropa çempionatının 1/4 final mərhələsində mübarizəni dayandırdı. Komandanın çıxışını necə dəyərləndirirsiniz?

- Biz Serbiyaya yollananda ilk məqsəd qrupdan çıxmaq idi. Buna da nail olduq. 1/4 finaldakı rəqib Rusiya isə dəfələrlə böyük turnirlərin ən azı yarımfinalına qədər irəliləyən komandadı. Oyun praktikamız da az idi. Buna görə də, rəqib qolları əsasən bizim fərdi səhvlərimizdən vururdu. Hesab 1:1 olarkən onların baş məşqçisinə baxdım, gördüm narahatdı. Səhvimizdən vurduqları ikinci qol onlarda ruh yüksəkliyi yaratdı. Etiraf edək ki, Rusiya millisinin braziliyalıları da çox güclü, tanınmış futzalçılardı.

 

- Hesab 1:3 olan kimi qapıçını sahə oyunçusu ilə əvəzlədiniz. Bu addımı atmaqda tələsmədiniz?

- Sona 14 dəqiqə 38 saniyə qalmış qapıçını dəyişdik. Bəzən oyunun əvvəllərində də belə dəyişiklik edənlər olur. Bu, bir növ rəqibi çaşdırmaq üçün atdığımız addım idi. Düşündük ki, rəqibi müdafiəsinə sıxaq, bunun sayəsində fərqlənək. “Vuran ayağ”ımız Amadeu idi. Həmin vaxt ondan çox şey gözləyirdik, ancaq alınmadı. Qapıçı dəyişikliyini sona 5 dəqiqə qalmış da edə bilərdik. Bununla, böyük hesabla uduzmazdıq. Amma yenə də məğlubiyyətdən qaçmaya bilərdik. Belə məqamda əsas nəticədi, hesabın böyük və ya kiçik olmasının bir önəmi yoxdu.

 

- Mübarizəni davam etdirmək üçün nə çatmadı?

- Hər bir komandanı məğlub etmək olar. Qazaxıstan sona Avropa çempionu İtaliyaya qalib gəldi. Serbiya son saniyə qolu sayəsində qələbə qazandı. Futbolda qanunauyğunluq yoxdu. Bundan öncəki baş məşqçi bütünlüklə legionerlərə üstünlük verirdi. Ancaq Tino Peres yerlilərə də şans verir. Sadəcə, Rusiya texnikada və təcrübədə bizi üstələdi.

 

- Braziliyalı futzalçılarımız ləng davranmaları ilə diqqət çəkirdilər. Onların çıxışı sizi qane etdi?

- Doğru qeyd etdiniz. Potensiallarını tam aça bilmədilər. Futbol dilində desək, “mandraja” düşmüşdülər. Onlara hansısa təzyiq də yox idi. Məşqçi yalnız tapşırıq verə bilər, onlara beyin verə bilməz axı. O anda hər şey oyunçuların düşünmə qabiliyyətinə qalır. Elə komandalar oldu ki, heç qrupdan çıxa bilmədilər. Amma biz bunu bacardıq. Ancaq istənilən halda, braziliyalılardan tam razı qalmadıq. Onlar bizim əsas oyunçularımız idi. Böyük futbolda komandanın gücünü yarımmüdafiə xəttinə əsasən müəyyənləşdirirlər. Amma futzalda belə deyil. Topu itirdinsə, dərhal geri dönməlisən, həddindən artıq texnikalı olmalısan, start sürətin güclü olmalıdı. Burda qol vurdunsa, o demək deyil ki, güclüsən. Futzalda 1 yox, 5 qol vurmalısan, bu sənin borcundu.

 

- Vitali Borisov və Rizvan Fərzəliyev uzun illərdi yığmada iştirak edirlər. Onların davamçısının üzə çıxmamağı nə ilə bağlıdı?

- Futzalda 1-ci, 2-ci dəstə və yüksək liqa var. Orda bacarıqlı oyunçular da var. Bir neçə dəfə məşqçi 19-20 yaşlı oyunçuları bir yerə yığdı. Guya cavandılar. 19 yaş cavan sayılmır. 19-20 yaşda sən artıq əsas komandada oynamalısan. Yeni simaların üzə çıxmamağı futzala marağın itməsindən qaynaqlanır. 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində 8-9 güclü klub var idi. Yerli futzalçılar da çox idi. Biz 1998-ci ildə Avropa çempionatında çıxış edəndə baş məşqçi mən idim. O vaxt 2-3 güclü futzalçını apara bilmədim, çünki yer məhdud idi. Bizim o yarışdakı oyunlarımız tarixdə qaldı. Amma indi uşaqların hamısı böyük futbola can atır. İndiki gənclərlə İtaliyanın, Rusiyanın qarşısına çıxa bilmərik. Gərək çempionat yüksək səviyyədə olsun. Hazırda normal səviyyədə 3 komandamız var. “Araz Naxçıvan”, “Neftçi” və “Ekol” ancaq bir-birləri ilə oyunları gözləyirlər.

 

- Yığmanın bu nəticələrindən sonra heyətdə hansısa dəyişikliklər gözləmək olarmı?

- Bəli, dəyişikliklər ola bilər. Düzdü, braziliyalılar hələ bizimlə olacaqlar. Çünki bir aydan sonra dünya çempionatının “pley-off” mərhələsində iştirak edəcəyik.

 

- Bəs “pley-off” oyunlarından sonra köklü dəyişiklik mümkündümü?

- Bəli, mümkündü. Çünki “pley-off” səddini keçə bilsək, dünya çempionatının final mərhələsi üçün çox vaxtımız olacaq. Şərt deyil ki, braziliyalı gətirək. Bu, serbiyalı da ola bilər, sloveniyalı da, başqa bir ölkənin futzalçısı da.

 

- “Pley-off” mərhələsindən söz düşmüşkən, sabah püşkatma olacaq. Hansı komanda ilə düşmək istəməzdiz?

- Serbiya və Sloveniya ilə düşməyimizi istəməzdim. Şəxsən mən potensial rəqiblər arasında ən təhlükəli komanda Serbiyanı görürəm. Avropa çempionatında Ukraynanı, Portuqaliyanı məğlub etdilər. Macarıstan, Hollandiya, Polşa kimi komandalara rəqib olsaq, daha yaxşı olar. Çünki onlarla heç vaxt oynamamışıq. Amma Serbiya, Sloveniya, Slovakiya kimi komandalarla qarşılaşmışıq, bir-birimizi tanıyırıq. Bildiyiniz kimi, “pley-off”da ilk oyunu səfərdə keçirəcəyik. Bu da bizim üçün böyük üstünlükdü.

 

- Komandamızın mundiala vəsiqə qazanacağına inanırsızmı?

- Biz heç vaxt dünya çempionatında oynamamışıq. Avropa çempionatındakı 3 oyun bizim üçün yaxşı təcrübə oldu. Həmin görüşlərdə buraxdığımız səhvlərin üzərində çalışacağıq ki, bunu “pley-off”da təkrarlamayaq. Dünya çempionatı çox çətin turnirdi. Orda güclü Avropa ölkələri ilə yanaşı, Braziliya, Argentina, İran kimi komandalar da var. Avropa çempionatı bizim üçün böyük qazanc oldu. İnanıram ki, bu təcrübə dünya çempionatına yollanmağımıza kömək olacaq.

 

Ruslan SADIQOV

0