[b]Nikolas Kanales “Neftçi”yə qayıtdı![/b]
12.02.2016 - 13:19
[b]Nikolas Kanales “Neftçi”yə qayıtdı![/b]

Çili yığmasının sabiq üzvü Nikolas Kanales karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvard ölkəmizə 3-cü dəfə “Neftçi”nin formasını geyinmək üçün dönüb.

 

Bu barədə əməkdaşımızla söhbətində paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib. O bildirib ki, hazırda Bakıda olan hücumçu ilə bu gün rəsmi müqavilə imzalanacaq: “Kanaleslə artıq ilkin razılıq əldə etmişik. Bu gün futbolçu ilə son görüş olacaq və çox güman ki, münasibətlər rəsmiləşəcək. Kanalesin keçidi komandaya sərfəli şərtlərlə baş tutub. Əvvəllər də “Neftçi”də oynadığından, rəhbərlik onun kollektivə uyğunlaşma problemi yaşayacağına inanmır”.

 

Rəsulov “Krılya Sovetov”dan ayrıldıqdan sonra işsiz qalan çilili forvardın klubla hələlik 6 aylıq müqavilə imzalayacağını bildirib.

 

Qeyd edək ki, Nikolas Kanales 2012/13 və 2014/15 mövsümlərində “Neftçi”nin formasını geyinib, ilk mövsümündə 26 qolla Premyer Liqanın bombardiri olub.

0