[b]“... çempionatın formatını və legioner limitini dəyişməyə ehtiyac yoxdu”[/b]
13.02.2016 - 14:27
[b]“... çempionatın formatını və legioner limitini dəyişməyə ehtiyac yoxdu”[/b]

“Topaz Premyer Liqasının ikinci hissəsi çox maraqlı, gözlənilməyən nəticələrlə start götürdü. Ən vacibi odur ki, bu nəticələr gərginlik gətirdi, yarışa rəng qatdı”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 
Topaz Premyer Liqasının qış fasiləsindən sonra baş tutan 2 turu gözlənilməz hesablarla yadda qaldı. “Kəpəz”lə “Zirə” maksimum xal topladılarsa, çempionatın favoriti olan “Qarabağ” və “Qəbələ” ilə qeyri-stabil start verdilər. Arxada qalan 2 turu və həftəsonu baş tutacaq oyunları edən Azərbaycan millisinin sabiq baş məşqçisi bildirib ki, başqa nəticələrlə qeydə alınsaydı, demək olar ki, bu gün mövzu fərqli olardı: “Ancaq həmişə arzuladığımız o olub ki, çempionatda Avrokubok üçün mübarizə aparacaq komandaların sayı 7-8 olsun. Hazırda “Sumqayıt” da daxil olmaqla, 10 komanda arasında 7-8-nin avrokuboklara vəsiqə qazanmaq şansları var. Bu üzdən də qarşıda bizi gərgin mübarizə gözləyir. Deyərdim ki, son tura kimi, intriqa qorunub saxlanılacaq. Rəqabət olan yerdə də inkişaf olacaq və biz də istər-istəməz bu matçlarda yeni simalar görəcəyik. Çox yaxşı haldır ki, bu komandaların əksəriyyətinin heyətini yerli futbolçular təşkil edir. Həmişə demişəm ki, hər bir yerli oyunçu yığma komandaya potensial namizəddir. Hər biri üçün şans da yaradılır ki, milliyə dəvət alsın”.

 

“İnter”in ilk iki dövrədə yaxşı oynadığını qeyd edən Vaqif Sadıqov qış fasiləsindən sonrakı hər iki turda uduzan “bankirlər”in avrokuboklardan uzaqlaşdırılmaq ehtimalının bu nəticələrə təsir göstərdiyi qənaətindədir: “Mən “İnter” - “Qəbələ” oyununu izlədim. “İnter” yaxşı təsir bağışladı. Sırf nəticə baxımından məğlub oldu. Komanda çox aqressiv idi. Hava şəraiti hər iki komandaya problem yaratsa da, “Qəbələ” öz təcrübəsindən istifadə edib qələbə qazandı. Orada mən də vurğuladım ki, futbolçular əgər yaxşı nəticə qazansalar belə, avrokuboklara getməyəcəklərini biləcəklərsə, motivasiyadan düşəcəklər. Psixoloji faktor var ki, onu da aradan götürmək mümkün deyil. Bu amil mənfi cəhətdən futbolçulara təsir edə bilər. Ancaq mən istərdim ki, yüksək yerlərdə qərarlaşan komandalar Azərbaycanı avrokuboklarda təmsil etsinlər”.

 

Yeni yaranmış “Zirə”ni təcrübəsiz baş məşqçi Adil Şükürovun çalışdırmasına baxmayaraq, 20 turdan sonra turnir cədvəlində 2-ci sırada qərarlaşmasının sirri barədə danışan V. Sadıqov bildirib ki, Məşqçilər Komitəsi bu gün məhz bu klubun rəhbərliyi ilə görüşəcək: “Mən Adil Şükürovla danışanda deyirdim ki, bəlkə də, kimsə səni yaxşı tanımırdı və inanmırdı ki, belə uğurlu nəticə əldə edəcəksən. Ancaq səni çox yaxşı tanıyıram, futbolçu kimi mənim yetirməmsən. Ondan sonra məşqçi olanda da tez-tez təmasda idik, münasibət qururduq. Lazım olan məsləhətləri həmişə Adilə verirdim. Çempionatdan öncə bilirdim ki, tamamilə yeni, fərqli komanda formalaşdırılıb. Əcnəbi və yerli olmasından asılı olmayaraq, meydana öz sisteminə uyğun futbolçu buraxır. Elə buna görə də yaxşı nəticə əldə edir. XX turda “Sumqayıt”la matça cəmi 3 əcnəbi futbolçu ilə başladı. Əvəzetmələrlə yekunda meydanda cəmi 1 legioner qaldı. Ən vacibi odur ki, onun meydançaya buraxdığı gənc oyunçular özlərini yaxşı tərəfdən göstərirlər. Hesab edirəm ki, bu gün futbolçuların, baş məşqçinin və rəhbərliyin niyyətləri eynidir. Onlar bir məqsəd üçün meydançaya çıxıb mübarizə aparır və uğurlu yollarını davam etdirəcəklər. Gələcəkdə bundan da güclü “Zirə” komandası görəcəyik”.

 

Təcrübəli mütəxəssis ilk 20 turda səviyyəsindən aşağı çıxış edən komanda kimi “Xəzər Lənkəran”ın adını çəkib: “Hamınız mənimlə razılaşarsınız ki, “Xəzər Lənkəran”ı bu vəziyyətdə görməyə öyrəşməmişik. Bu klubun adı gələndə böyük oyunlardan tutmuş, ayrı-ayrı komandaların baş məşqçisi olanda o azarkeşlərin qarşısında keçirdiyimiz gərgin oyunlar gözümün qarşısında canlanır. Arzulayıram ki, “Xəzər Lənkəran” tezliklə bu zolaqdan çıxsın, daha öncə olduğu kimi, yenə bəxş etdiyi gözəl oyunla, uğurlu nəticələri ilə hər birimizi sevindirsin. Amma digər tərəfdən bu vəziyyət “Xəzər Lənkəran”ın Azərbaycan futboluna yeni istedadlar bəxş etməsinə kömək oldu”.

 

“Neftçi” və “Xəzər Lənkəran”ın öyrəşmədiyimiz mövqelərdə qərarlaşmasına münasibət bildirən təcrübəli mütəxəssis vurğulayıb ki, bu komandalar hazırda yüksək yerlərdə qərarlaşmasalar da, “Böyük oyun” adı qalır: “Bu klublar arasında oyunlar həmişə seçilir. Ayrı-ayrı mövqelərdə qərarlaşsalar da, görüş çox gərgin keçəcək. Deməzdim ki, matç mərkəzi oyunlar arasında yer almır. Məsələn, biz Məşqçilər Komitəsi olaraq, canlı izləmək üçün məhz bu dueli seçdik”.

 

V. Sadıqov “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı oyunlarda qonaq komandanın azarkeşlərinin stadiona buraxılmaması ilə bağlı qadağanın aradan götürülməsinin vaxtının çatdığını düşünür: “Bəlkə də, bu qərar müvəqqəti olaraq qüvvədə idi. Vaxt keçdikcə bunu aradan götürməliyik. Bu iki komanda arasında ziddiyyətin olmasını istəmirəm”.

 

Qış fasiləsindən sonra “Qəbələ”ni 3:0, AZAL-ı 2:0 hesabı ilə məğlub edən “Kəpəz”in uğurlu seriyasına münasibət bildirən millimizin sabiq çalışdırıcısı Gəncə komandasının “Qarabağ”la oyun öncəsi psixoloji cəhətdən üstün olduğunu söyləyib: “Kəpəz” oyunu ilə nümayiş etdirir ki, ikinci yarı üçün daha yaxşı hazırlıq keçib. AZAL “Qarabağ”a qalib gələndə bunu sensasiya kimi qəbul edirdilər. Amma bu komandanın ötən mövsümün sonunda uğurlu seriyası yaddan çıxmamalıdır. Bu dəfə də son matçlarda məğlub olmadan irəliləyirdilər. Lakin Gəncədə büdrədilər. Bunlar iki eyni gücə malik komandalardı. Xoşuma gələn o oldu ki, hər iki komandada potensial vəd edən yerli oyunçular var. Hər iki komandada 2-3 legioner futbolçu var. Gəncə klubunda üstün keyfiyyətlər odur ki, onların əcnəbiləri lider keyfiyyətinə malikdirlər. AZAL-la matçda da öz sözlərini dedilər”.

 

Ardınca XXI turda baş tutacaq “Sumqayıt”-“Qəbələ” və “Zirə”-“Rəvan” görüşü barədə danışan Vaqif Sadıqov bildirib ki, Tərlan Əhmədovun rəhbərliyi altında AZAL, həmçinin Samir Abasovun çalışdırdığı “Sumqayıt”ı siyahıdan silmək olmaz: “Onların da Avrokubok uğrunda mübarizə aparacağı və aqressiv futbol oynayacağı gözləniləndi”.

 

V. Sadıqov qış fasiləsindən sonra baş tutan iki turda ciddi hakim səhvlərini referilərimizin ölkə xaricində təlim-məşq toplanışı keçməməsi ilə əlaqələndirməyib. O bildirib ki, insan faktoru olan yerdə səhvlər də qaçılmazdır: “Ən vacibi odur ki, səhvi aşkar edib, gələcəkdə onu aradan qaldırasan. Əsas odur ki, qərəz yoxdur. Mən də hansısa səhvlərin məhz qərəzdən irəli gəldiyinə inanmaq istəməzdim. Çalışmalıyıq ki, bu səhvləri minimuma endirək və oyunun nəticəsinə təsir etməsin”.

 

Məşqçilər Komitəsinin sədri bu komitənin son zamanlar kölgəyə çəkilməsi fikri ilə razılaşmır: “Məsələn, sizin verilişə gəlməzdən öncə AZAL komandasının baş məşqçisi və onun rəhbərliyi ilə görüşdük, onların məşqlərini izlədik. Ardınca “Zirə” komandası ilə görüşəcəyik. Həmçinin “Neftçi” - “Xəzər Lənkəran” matçını izləyəcəyik. Fevralın 15-də Nazim Süleymanovun rəhbərliyi altında təlim-məşq toplanışında olan U-19 yığmamızın məşqində olacağıq. Sonra bu komandaların qarşısında yekun sözlə çıxış edəcəyik. Yəni iş gedir. Fevralın 17-də “İnter”, 19-da “Qarabağ”ın düşərgəsinə gedəcəyik. Bu, ardıcıllıq davam edəcək. Növbəti səfərlərimiz bölgələrə olacaq. Gəncə, Lənkəran və Qəbələyə gedəcəyik”.

 

AFFA İcraiyyə Komitəsinin də üzvü olan V. Sadıqov martda keçiriləcək İcraiyyə Komitəsinin Konfransında həmişəki kimi, yeni təkliflərin olacağını açıqlayıb: “Hansısa dəyişikliklər də ola bilər. Legioner limitinin, komandaların sayının artırılması, çempionatın formatının dəyişdirilməsi istisna deyil. Hər şey ola bilər. Gəlin tələsməyək. Məşqçilər Komitəsi olaraq bir il əvvəl bunlarla bağlı AFFA-ya tövsiyələrimizi vermişik. Ancaq bildirilib ki, hazırkı limit və format uzun müddətdir davam edir və analiz edərkən göstərilib ki, ən yüksək nəticələr – yığma komandadan tutmuş, klublara kimi, hamısı bu vaxtda yaxşı nəticələr əldə ediblər. Hesab edirəm ki, əgər uğur varsa, nəyisə dəyişməyə ehtiyac yoxdur. Ancaq futbol bir yerdə dayanmır”.

 

0