[b]“Özümü qəhrəman hesab etmirəm” - Elşən Abdullayev[/b]
13.02.2016 - 22:15
[b]“Özümü qəhrəman hesab etmirəm” - Elşən Abdullayev[/b]

Əzəli rəqibi “Xəzər Lənkəran”la matçda minimalhesablı qələbə qazanan “Neftçi”nin yeganə qolunun müəllifi Elşən Abdullayev matç başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Neftçi” aşkar favoriti olduğu dueldə çətinliklə qələbə qazandı. Səbəb nə idi?

- Həqiqətən də rəqib yaxşı oynadı. Bu komandaların duelində heç kim uduzmağı ağlından keçirmir. Qol vəziyyətlərimiz oldu, amma istifadə edə bilmədik. Sona yaxın şans üzümüzə güldü. Qələbədə payım olduğuna görə, çox sevinirəm. “Xəzər Lənkəran”ı da yaxşı mübarizə aparması münasibəti ilə tərbik edirəm. Təbii ki, qələbəni azarkeşlərimizə həsr edirik.

 

- Heyət baxımından “Neftçi” çox üstün hesab edilirdi. Amma rəqib kifayət qədər yaxşı təsir bağışladı. Oyunun bu cür alınması zəif çıxışınızın nəticəsi idi?

- İndi elə vaxtdı ki, yaşından asılı olmayaraq, hər kəs futbol oynamağı bacarır. Düzdü, “Xəzər Lənkəran”in heyəti əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə zəifləyib. Amma bu gün necə layiqli mübarizə apardıqlarını hər kəs gördü. Bizə çətinliklər yaratdılar. Arada böyük fərqin olduğunu deməzdim.

 

- “Neftçi” qış fasiləsindən sonra hələ ki, yaxşı oyun nümayiş etdirə bilmir. Qarşıdan isə “Qarabağ”la daha çətin sınaq gəlir. Son çempiona qarşı da belə oynayacaqsınız?

- “Qarabağ”ın gücünü bilirik. Avropa Liqasının qrup mərhələsində oynayıblar. Meydandakı vəziyyətdən asılı olmayaraq, qələbə qazanmağa çalışacağıq. Bizi heç-heçə də qane etməyəcək.

 

- Qoldan sonra formanı çıxardığınıza görə sarı vərəqə aldınız. Buna nə gərək var idi?

- Buna ehtiyac yox idi. Çox məyusam. Sadəcə, qolu çılğınlıqla qeyd etdiyimə görə, formamı çıxardım. Oyunun son dəqiqələri, meydanda əzəli rəqib... Çılğınlığımı boğa bilmədim.

 

- Bu mövsüm Lənkəranda keçirilən oyunda da qələbənin əsasını qoymuşdunuz. Özünüzü qəhrəman hesab edirsinizmi?

- Qəhrəman deyəndə, komanda şəklində mübarizə apardıq. Bu nəticədə hamının əməyi var. Qolu vurduğuma görə, özümü qəhrəman hesab etmirəm, amma çox sevinirəm.

0