Məşqçilər Komitəsinin üzvləri debütantı ziyarət edib - FOTOSESSİYA
14.02.2016 - 01:37
Məşqçilər Komitəsinin üzvləri debütantı ziyarət edib - FOTOSESSİYA

Bu gün Zirə İdman Kompleksində AFFA-nın Məşqçilər Komitəsinin Vaqif Sadıxov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribovdan ibərət üzvləri ilə “Zirə” Peşəkar Futbol Klubunun rəhbərliyi arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, klub prezidenti Vüqar Astanov, icraçı direktor Natiq İsmayılov və baş məşqçi Adil Şükürov qonaqlarla fikir mübadiləsi aparıblar.

 

Prezident Vüqar Astanov kluba baş çəkdiləri və təcrübələrini paylaşdıqları üçün mütəxəssislərə təşəkkür edib. Komitə üzvlərinə görülən işlər, komandanın durumu və uşaq futbolu haqda məlumat verilib. Mütəxəssislər bəzi sahələrdə məsləhətlərini verməklə yanaşı “Zirə”nin müəyyən məsələlərdə nümunə olduğunu da dilə gətiriblər. Qeyd olunub ki, futbol adamları tərəfindən idarə olunması klubun uğurlarının və inkişaf yolunun əsasını təşkil edir. Görüşdə həmçinin, yerli gənclərin inkişafı və Azərbaycan futbolunun gələcəyi naminə işlərin görülməsinin önəmi vurğulanıb. Komitə üzvləri bu baxımdan “Zirə”də işlərin yaxşı qurulduğunu, artıq müxtəlif yaş qruplarından ibarət komandalara futbolçu verildiyini deyiblər.

 

Komandanın baş məşqçisi Adil Şükürov da yerli futbolçuların yetişdirilməsi və inkişafı üçün atılan addımlardan danışıb. Mütəxəssis qeyd edib ki, komandaya cəlb olunan təcrübəli yerli və legioner futbolçulara da gənclərin inkişaf etdirilməsi ilə bağlı tövsiyələr verilir. Eyni zamanda, gənclərə də tapşırılır ki, belə futbolçuların təcrübəsindən yararlansınlar. Bununla yanaşı, əvəzedici heyət və digər komandalar da diqqətdə saxlanılır və seçilən gənc futbolçular mütəmadi olaraq əsas komandanın hazırlığına cəlb edilir.

 

Görüşdə gənc futbolçuların vətənpərvər ruhda yetirşdirilməsinin önəmi də qabardılıb. Komitə üzvləri bununla bağlı konkret işlərin görülməli olduğunu xüsusi qeyd ediblər. Sonda tərəflər bu cür görüşlərin səmərəliliyini vurğulayaraq, bundan sonra da mütəmadi olaraq keçirilməsinin vacib olduğunu deyiblər.

 

(klub saytı)

0