[b]FİDE rəsmiləri Bakıda Olimpiadanın keçiriləcəyi məkanla tanış olublar[/b]
07.04.2016 - 16:10
[b]FİDE rəsmiləri Bakıda Olimpiadanın keçiriləcəyi məkanla tanış olublar[/b]

FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, FİDE rəsmiləri Gənclər və idman naziri Azad Rəhimov, eləcə də, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) rəhbərliyi ilə görüşərək, mötəbər yarışın hazırlıq işləriylə tanış olub.

 

Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, eyni zamanda, olimpiadanın keçiriləcəyi “Crystal Hall”da təşkilati işlərlə maraqlanıb.

 

42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi “Crystal Hall”da olan qonaqlar Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla görüşüb. Möhtəşəm arenada oyun zalı, mətbuat və tibb otağı, VİP sektor, tamaşaçılar üçün nəzərdə tutulan yerlərə baxış keçirilib. 
 

BŞOƏK-nin mətbuat xidməti xəbər verir ki, FİDE rəsmilərinə “Crystal Hall”da KİV nümayəndələrinin rahat çalışması üçün xüsusi geniş mərkəzin fəaliyyət göstərəcəyi barədə məlumat verilib. Olimpiada vaxtı tamaşaçıların da oyun zalına rahat şəkildə daxil mümkün olacaq. Oyun zalında yerləşdiriləcək monitorlar partiyaları bütün istiqamətlərdən rahat izləməyə imkan verəcək. 

 

Arenadakı vəziyyətlə tanış olan Makropulos görülən işlərdən razılığını bildirib. FİDE rəhbəri oyun zalında şahmatçılar üçün geniş yerin ayrıldığını xüsusi vurğulayıb. Hazırlıq işlərinin həlledici mərhələyə yaxınlaşdığını söyləyən Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Məmmədov mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüləcəyini deyib. 

 
Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

0