[b]Millimizi Rumıniyaya dəyişən çempion: Mənim üçün fərqi yoxdu[/b]
15.04.2016 - 15:47
[b]Millimizi Rumıniyaya dəyişən çempion: Mənim üçün fərqi yoxdu[/b]

“Avropa çempionu titulunu qazanmaq o qədər də çətin olmadı. Norveçdə qızıl medalı özüm də gözləyirdim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Kristina Yovu deyib.

 

24 yaşlı Moldova əsilli Olimpiya mükafatçısı ölkəmizi tərk etdikdən sonra Rumıniya yığmasının şərəfini qorumağa başlayıb. 2013-cü ildə millimizin heyətində dopinqdə ilişdikdən sonra komandamızdan ayrılan Yovu artıq təmsil etdiyi üçüncü ölkəyə də mükafat sevinci yaşadıb.

 

Norveçin Fyorde şəhərində 210 kq (90 kq + 120 kq) çəkini ram edərək, Avropa çempionu adını qazanan idmançı bildirib ki, təxminən son 3 ili yarışlardan kənar qalsa da, uğuruna şübhə etmirmiş: “Uzun fasilədən sonra körpücük üzərinə çıxmağıma baxmayaraq, qüvvəmə inanırdım. Bu səbəbdən də yarışı qalib kimi başa vurdum”.

 

Yovu Azərbaycanda bir sıra titullar qazansa da, qanında istifadəsi qadağan olunan preparat tapıldığından onları təhvil verib. Lakin idmançı ölkəmizdən ayrılmasına baxmayaraq, vətəni Moldova, sonradan şərəfini qoruduğu Azərbaycan və hazırda vətəndaşlığını daşıdığı Rumıniya adına qazandığı mükafatlar arasında fərq qoymadığını açıqlayıb. Onun sözlərinə görə, medalların hamısı qiymətlidi: “Moldova və Azərbaycanın ardından Rumıniya üçün də medal əldə etdim. Mükafatı hansı ölkənin bayrağı altında qazanmağımdan asılı olmayaraq, hamısı mənim üçün əziz və dəyərlidi”.

 

Kristina Azərbaycanı tərk etməsindən, günahın kim tərəfində olmasından isə danışmaq istəməyib. O, bunu yalnız gələcək uğurlara köklənməsi ilə əlaqələndirib: “Bütün bunlar artıq arxada qalıb. Mənim üçün keçmiş o qədər də vacib deyil. Artıq bu haqda danışmağın əhəmiyyəti də yoxdu. Mənim üçün ən vacib olan gələcəklə, bundan sonra nələrin olacağı ilə bağlıdı”.

0