[b]Jairo: Özümü daha yaraşıqlı sayıram – MÜSAHİBƏ[/b]
28.04.2016 - 00:01
[b]Jairo: Özümü daha yaraşıqlı sayıram – MÜSAHİBƏ[/b]

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”ni qəbul edən “Neftçi” məğlubiyyətdən ikinci hissədə qurtula bildi. Oyundan sonra paytaxt təmsilçisinin braziliyalı müdafiəçisi Jairo Rodriges apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Heç-heçə başa çatan oyunla bağlı nə deyə bilərsiniz?

- Çox çətin qarşılaşma oldu. “Qəbələ” güclü komandadı. İlk oyunda bu hesab qeydə alındı. Cavab oyununun necə keçəcəyini və nəticənin necə olacağını indidən demək mümkün deyil.

 

- Birinci hissədə yenə rəqib, fasilədən sonra isə “Neftçi” üstün oyun nümayiş etdirdi. Artıq komandanız bu oyun üslubuna üstünlük verir?

- Bu nə taktiki gediş, nə də bizim oyun üslubumuzdu. Oyunun gedişindən çox şey asılıdı. Elə olur biz, bəzən isə rəqib üstün oynayır. Fasiləyə qədər çalışdıq rəqibin həmlələrinin qarşısını alaq. İkinci hissədə isə təzyiq edən tərəf biz olduq.

 

- Rəqib komandanın baş məşqçisi, eləcə də futbolçuular hakimin idarəçiliyindən narazı qaldı. Siz referinin idarəçiliyi haqda nə deyə bilərsiz?

- Bu haqda fikir bildirməyim düzgün olmazdı. Hansısa narazılığım da yoxdu. Hakimlər oyunu necə idarə etməli olduqlarını bilirlər. Qərarları da onlar verirlər. Qaldı rəqib futbolçuların etirazına, bu, onların işidi. Mən “Qəbələ”nin yox, “Neftçi”nin futbolçusuyam. İşim komandama kömək etməkdi.

 

- Aqil Məmmədovun cərimə meydançasında Aleksey Qaya qarşı kobud oynadığı epizoda yaxın idiniz. Hakim penalti verməməklə haqlı qərar qəbul etdi?

- Məncə, Aqil rəqibinə qarşı kobud oynamamışdı. O, topu təmiz “götürdü”. Həm də “Qəbələ” “Neftçi”nin asanlıqla udacağını düşünməməlidi. “Neftçi” yetərincə güclü komandadı və biz bunu cavab oyununda ortaya qoyacağıq.

 

- Bu oyunda “Qəbələ”nin qol vurmaq üçün imkanları daha çox oldu, amma istifadə edə bilmədi. “Neftçi”nin bəxtinin gətirdiyini düşünmək olar?

- Hesab oyunumuzun nəticəsi idi. Biz də meydanda boş dayanmamışdıq. Əlimizdən gələni etdik, nəticə ədalətli oldu.

 

- Finala yüksəlmək şansınız nə dərəcədə realdı?

- Hə şeyi cavab oyununda görəcəyik. İndidən nəsə deməyin mənası yoxdu. Gələn həftə cavab matçımız var. Bu dueldən sonra finalçılar müəyyənləşəcək.

 

- Ev oyununda qeydə alınan nəticə vacibdi. 1:1 hesablı nəticədən sonra üstünlüyün rəqibə keçdiyini demək olarmı?

- “Qəbələ”nin nə düşündüyü mənim üçün önəmli deyil. Şansımızın az olduğunu düşünmürük. Həm də oyundan əvvəl nəyin necə olacağını bilmək olmur.

 

- Sizi “Qarabağ”ın kapitanı Rəşad Sadıqova bənzədirlər. Komanda yoldaşlarınız bu haqda sizə nəsə deyibmi?

- Komanda yoldaşlarım bir söz deməyib. Amma özümü daha yaraşıqlı sayıram.

0