[b]“Məhkəmə olsa belə, heç kimdən qorxum yoxdu” – Rəşad Qasımov[/b]
28.04.2016 - 12:54
[b]“Məhkəmə olsa belə, heç kimdən qorxum yoxdu” – Rəşad Qasımov[/b]

“İxtisara düşən işçilərlə müqavilə qəti şəkildə birtərəfli pozula bilməz. Axı qanunvericilik var, mən müqaviləni birtərəfli necə poza bilərəm?” Bu sözləri apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

Mətbuatda ötən ay "İnter"də ixtisara düşən işçilərin bir qrupunun Rəşad Qasımovu məhkəməyə verdiyi vurğulanıb. Həmin şəxslər klub rəhbərini əmək müqavilələrini birtərəfli pozmaqda suçlayırlar.

 

Lakin Qasımov bunun qeyri-mümkün olduğunu söyləyib. O bildirib ki, bütün bu narazılıqlar insanların qanunvericiliyi bilməməklərindən qaynaqlanır: “Qəti şəkildə əmək müqavilələri birtərəfli pozulmayıb. Bizim insanlarda qanunvericiliyi bilmədikləri təqdirdə hər şeyə əl atmaları müşahidə olunur. Bəziləri iki ay öncədən xəbərdarlıq alır və iki aylıq kompensasiyasını götürüb müqaviləsini pozur. Belələri bildirişə imza atıb, kompensasiyasını götürür və işdən uzaqlaşır. Bəziləri də işdən uzaqlaşmır, iki ay çalışır, maaşını alır, sadəcə, çıxandan sonra Məşğulluq İdarəsindən arayış gətirir. Onlara həftədə bir gün vaxt verilir ki, özlərinə iş axtarsınlar. İki ay tamam olandan sonra müqavilə müddəti bitir. Onlar da həmin anda ixtisara düşüb, işdən azad olunurlar. Sadəcə, bir ay ərzində Məşğulluq İdarəsindən arayış təqdim olunduqda əlavə bir aylıq maaş alırlar. İki ay öncədən pulunu götürənlər isə fikirləşirlər ki, onlar da arayış versələr, əlavə pul alarlar. Mübahisəli vəziyyətlər buna görə yaranır. Qanunu bilməmək olar. Amma bu, həmin şəxsi məsuliyyətdən uzaqlaşdırmır”.

 

Klub prezidenti bununla bağlı onu heç kimin məhkəməyə vermədiyini söyləyib: “Mənə məhkəmədən heç bir müraciət olmayıb. Sadəcə, Məşğulluq İdarəsindən ixtisara salınmışlarla bağlı məktublar gəlib. Biz onlara rəsmi cavab verdik. Qanunauyğun prosedurlar həyata keçirilir. Burda heç bir problem yoxdu. Məhkəmə olsa belə, heç kimdən qorxum yoxdu. Çünki qanunsuz iş görməmişəm. Məhkəmə olsa, çıxış edib, öz mövqeyimizi bildirəcəyik”.

 

Ruslan SADIQOV

0