AÇ-2016: Kasilyas və Ronaldonun rekord şansı
02.05.2016 - 12:08
AÇ-2016: Kasilyas və Ronaldonun rekord şansı

Fransada keçiriləcək Avropa çempionatının final mərhələsi yeni rekordla əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, final mərhələlərində ən çox oyun keçirən futbolçuların siyahısında yeni rekordçunun peyda olması gözlənilir.

 

Bunu UEFA-nın açıqladığı cədvələ əsasən söyləmək mümkündü. Çünki AÇ-lərdə ən çox matça çıxan iki oyunçu - Edvin van der Sar (Hollandiya) və Lilian Türam (Fransa) karyeralarını bitirdiyindən onların izləyiciləri Fransada zirvəyə yüksəlmək şansı əldə ediblər.

 

Hazırda rekordçu cütlüyün hesabında hərəyə 16 oyun var. Final mərhələsində 14 qarşılaşmada iştirak edən 6 oyunçudan ikisi artıq qrup mərhələsində rekordu arxada qoya bilər. Bunlar İker Kasilyas (İspaniya) və Kriştianu Ronaldodu (Portuqaliya). Filip Lam (Almaniya), Luiş Fiqu və Nunu Qomeş (hər ikisi Portuqaliya), Karel Poborski (Çexiya), Zinəddin Zidan (Fransa) isə bu rəqəmi artırmaq imkanından məhrumdu.

 

Lakin rekorda iddia edənlər Kasilyas və Ronaldo ilə kifayətlənmir. Canluci Buffon (İtaliya), Bastian Şvaynştaygerin (Almaniya) 13 oyun keçirdiyi final mərhələlərində Sesk Fabreqas, Andres İnyesta, Fernando Torresin (hamısı İspaniya) hesabında 12 matç var. AÇ-2016-ya yollanacaq futbolçulardan 5-ı 11, 2-si 10 belə qarşılaşmada iştirak edib.

0