[b]Ölümdən qayıdan Rauf Əliyev: Gözümü açdım ki...[/b]
02.05.2016 - 15:29
[b]Ölümdən qayıdan Rauf Əliyev: Gözümü açdım ki...[/b]

“Açığı, heç nə yadıma gəlmirdi. Epizodu görəndən sonra nələrin baş verdiyini xatırladım”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in hücumçusu Rauf Əliyev deyib.

 

Topaz Premyer Liqasının XXXII turu çərçivəsində baş tutan “İnter” – “Sumqayıt” matçının sonlarında həyəcanlı dəqiqələr yaşanıb. Oyuna əlavə olunmuş dəqiqələrdə qonaqların cərimə meydançasında Cəmil Hacıyevin Rauf Əliyevə toxunuşu ikinci üçün az qala faciə ilə nəticələnəcəkdi. Belə ki, oyun epizodunda rəqibinə zərbə endirən Cəmil milli hücumçunu nokdaun vəziyyətinə salıb. Huşunu itirərək yerə yıxılan Əliyevin köməyinə futbolçular və həkimlər çatıb. Daha sonra xəstəxanaya aparılan Raufa lazımi tibbi yardım göstərilib.  

 

Maraqlıdı ki, xəstəxanada özünə gələn Əliyev epizodun necə baş verdiyini əvvəlcə xatırlamayıb: “Mən topla oynamaq istəyəndə “Sumqayıt”ın futbolçusu top yerinə başıma zərbə vurdu. Zərbədən sonra huşumu itirdim və dilim qatlandı. Bu zaman ilk yardımı futbolçular və klubun həkimləri göstəriblər. Onlara təşəkkürümü bildirirəm. Gözümü açdım ki, xəstəxanadayam. Birinci nə baş verdiyini anlamadım. Sonra epizodu gördüm və həmin an yadıma düşdü”.

 

Bu gün xəstəxanadan evə buraxılan Rauf Əliyev üzləşdiyi hadisəyə görə “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyevi qınamayıb: “Xəstəxanaya yanıma da gəlibmiş. Olan şeydi, canı sağ olsun. Futbolda belə hallar hamının başına gələ bilər. Artıq evimdəyəm və özümü yaxşı hiss edirəm. Sadəcə, başımda bir az ağrı qalıb, o da keçəcək”. 

0