[b]"Avropa Liqasında oynasaq...” - Nuqzar Kvirtiya[/b]
02.05.2016 - 15:40
[b]"Avropa Liqasında oynasaq...” - Nuqzar Kvirtiya[/b]

AZAL klubunun yarımmüdafiəçisi Nuqzar Kvirtiyanın apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXII turunu qalib başa vurdunuz. “Xəzər Lənkəran”la (1:0) oyun deyəsən, gözlədiyinizdən gərgin keçdi?

- Bu qarşılaşmaya hazırlaşmaq, həqiqətən də, çətin oldu. Çünki cəmi bir həftə əvvəl gözlənilmədən “Rəvan”a uduzmuşduq. Hansı ki, həmin qarşılaşmada da qələbə qazanmalı idik. Bu dəfə rəqibi yaxşı təhlil etdik. Minimal hesab qeydə alındı, lakin matçı izləyənlər təsdiqləyər ki, istifadə edə bilmədiyimiz epizodlar çox oldu. Əsas odu ki, vacib tapşırığın öhdəsindən gəldik.

 

- AZAL-ın qeyri-sabit çıxışını nə ilə izah edə bilərsiniz?

- Bunun konkret izahı yoxdu. Futboldu, bir dəfə başqa cür, bir dəfə belə alınır. Yəni bilmək olmur ki, bu dəfə nəticə necə olacaq. Bəzən qələbə qazanmağı çox istəyirsən və bu istək sənə kömək yox, maneə yaradır. Buna görə də təsir edən amillər çoxdu, konkret resepti yoxdu.

 

- Bu qədər xallar itirməyinizə baxmayaraq, avrokuboklara vəsiqə qazanmaq şansınız var. Bu “hədiyyə”ni əldə edə biləcəksinizmi?

- Turnir cədvəlinə baxdıqda əksər suallara aydınlıq gətirildiyini görərik. Baş verənlərdən sonra indi 1 vəsiqə uğrunda iki komanda yarışır. Söhbət AZAL-la “Neftçi”dən gedir. Turnir cədvəlində biz onları qabaqlayırıq. Həftəsonu isə rəqibimiz “Neftçi”di.

 

- Deməli, sizin üçün final oyunu ola bilər?

- Əlbəttə, biz də bu oyuna final qarşılaşması kimi baxırıq. Çempionatdan avrokuboklara yollanmağımız üçün “Neftçi” gərək ölkə kubokunu qazanmasın. Hazırkı məqamda onlar mübarizəni kubokda da davam etdirirlər.

 

- Çoxlarını bu sual maraqlandırır: tutaq ki, AZAL avrokuboklara vəsiqə qazandı, kiçik büdcə və bu heyətlə nə edəcək?

- Əvvəlcə biz vəsiqəni qazanmalıyıq. Bundan sonra oturub gələcək planları, avrokuboklarda nə edə biləcəyimizi təhlil etmək olar. Avropa Liqasında oynasaq, ümid edirəm ki, klubun sponsoru ilə görüşdə müsbət dəyişikliklərlə bağlı razılıq alına bilər. Yenə deyirəm, həmin vaxt müxtəlif variantlar ola bilər. Sadəcə, mövsümün yekununu gözləmək lazımdı.

 

- Klubla müqavilə müddətiniz mövsümün sonuna qədərdi. Gələcək karyeranızla bağlı nə düşünürsünüz?

- İndidən danışmaq tezdi. Çempionat qurtarsın, sonra. AZAL-da qalmaq istərdim. Çətin vaxtda kömək etməyə çalışdıq.  

 

- Siz əvvəllər də çempionatımızda iştirak etmisiniz. Müqayisə apara bilərsinizmi?

- İndi yerli və gənc futbolçulara daha çox şans verilir. Buna görə legionerlərin sayı azalıb. 4-5 il əvvəl qrup mərhələsi xəyal olaraq qalırdı. Ancaq sonra “Neftçi” bunu reallaşdırdı. Başa çatmaqda olan mövsümdə isə iki klubunuz eyni vaxtda qrup mərhələsində oynadı. Bu, inkişaf deyil? Razıyam, böhran təsirini göstərir. Ancaq idman yalnız puldan asılı deyil. İki klubunuzun avrokuboklara düşməsi elə-belə iş deyil.

 

0