[b]AÇ-2016: Favorit sayılmayan favorit[/b]
02.05.2016 - 18:18
[b]AÇ-2016: Favorit sayılmayan favorit[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 39 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını B qrupu ilə davam etdirir. 

 

Püşkatma zamanı 1-ci səbətdə yer alan İngiltərə millisi Fransaya qitə çempionu olmaq üçün yollanacaq. Futbolun yaradıcıları tarixinin yeganə uğuru – 1966-cı ildə qazanılan dünya çempionluğundan sonra 50 illik həsrətə qitə miqyaslı titulla son qoymaq arzusundadı. İngiltərə millisinin həmin yeganə uğuru isə əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovla bağlıdı. AFR ilə final görüşünün yan xətt hakimi olan həmyerlimiz indiyədək müzakirə və mübahisələr üçün açıq qalan qolun qapıdan keçdiyini işarə edib.

 

50 ildə çox dəyişən İngiltərə millisi artıq favorit qismində də deyil. Almaniya, İtaliya, İspaniya, hətta Fransa ilə müqayisədə futbolun yaradıcılarının azca geridə olduğu hiss olunur.

 

Düzdü, “şirlər” seçmə mərhələdə mütləq rekorda imza atıb. Roy Hocsonun yetirmələri final mərhələsinə xal itirmədən yüksələn yeganə yığma olub. Amma o qədər də güclü olmayan rəqiblərlə eyni qrupda yer alan ingilislər üçün Estoniya, Litva və San-Marinoya ümumilikdə 21 cavabsız qol vurması heç də onların gücünü nümayiş etdirmir.

 

Britaniyalılar Avropa çempionatlarında ciddi uğur qazan bilmir ki, komanda ən yaxşı halda 3-cü yeri tutub. Bu uğura 2 dəfə imza atan İngiltərə millisi 1968-ci ildə bürünc medal uğrunda matçda Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskili SSRİ yığmasını yolundan kənarlaşdırıb. Lakin Hocsonun komandasına ən böyük üstünlüyü də əksəriyyət tərəfindən favorit hesab olunmamasıdı. Bu, son vaxtlar üzə çıxan gənc istedadları da komandasına cəlb edən mütəxəssisin perspektivli komandasına uğur gətirə bilər.

 

İsveçrədən başqa ciddi rəqibi olmayan “şirlər” seçmə mərhələ boyu asanlıqla eksperimentlər aparıb, xeyli sayda futbolçunu sınaqdan keçiriblər. Bu üzdən də Hocson Fransaya aparacağı heyəti müəyyənləşdirməkdə çətinlik çəkəcək. Seçmə mərhələdə əsas heyət üzvü olmayıb, sonradan parlayanlar da bu işi daha da çətinləşdirir. Məsələn, yığmanın əsas qapıçısı Co Hart son vaxtlar zəif çıxışı ilə diqqət çəkirsə, Cek Batlend, Ferizer Forster və Ben Foster daha yaxşı təsir bağışlayır.

 

Müdafiənin sağında Nataniel Kleynin yer alacağı o qədər də şübhə doğurmur. Mərkəzdə isə Hari Kehill, Fil Yaqelka, Con Stounz “üçlüy”ü arasında seçim edəcək Hocson sol cinahda kümə güvənəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Rayan Bertrand daha yaxşı görünsə də, seçmə mərhələdə az şans qazanıb.

 

Zədəli Cek Uilşerin yoxluğunda yarımmüdafiənin mərkəzində Dele Alliyə ümidlər böyükdü. Ondan başqa, Ross Barkli, Cordan Henderson, Ceyms Milner də son vaxtlar yaxşı formada olduğunu göstərir. Rahim Sterlinqin durumu və zədədən dönən Ueyn Runi İngiltərə yığmasının əsas problemləridi. Lakin onları da əvəz edə biləcək simalar var. Adam Lallana, Andros Taunsend yarımmüdafiəyə, kifayət qədər məhsuldar olan Hari Keyn və Troy Dini, həmçinin Ceymi Vardi isə hücumda boşluğu aradan qaldırmaq gücündədi.

 

Daim ehtiyatlı oynayıb, uğursuzluğa düçar olan millinin nəticələrindən bezən ingiltərəlilər Hocsonun Lallana, Barkli, Alli, Forster, Keyn, Dini, Vardi kimi futbolçulara güvənəcəyinə inanır. Amma böyük turnirlərdə mühafizəkarlığı ilə seçilən mütəxəssisin risk edəcəyi inandırıcı görünmür. Amma istənilən halda “şirlər” final mərhələsində qrupdan 1-ci yerlə çıxmalıdı. Yığmanın nə qədər irəliləyəcəyi isə Hocsonun seçimindən də çox asılı olacaq.

 

FİFA reytinqində: 10-cu yer

Ləqəbi: Şirlər, futbolun yaradıcıları

İlk oyun: Şotlandiya – 0:0 (1872)

Ən böyükhesablı qələbə: İrlandiya – 13:0 (1882)

Ən böyükhesablı məğlubiyyət: Macarıstan – 1:7 (1954)

Titulları: dünya çempionu (1966)

Ən çox oyun: Peter Şilton (125)

Ən çox qol: Ueyn Runi (51)

Final mərhələsinə yolu: E qrupunda I yer: 10 qələbə, top fərqi 31-3, 30 xal

İsveçrə - 2:0, 2:0* 

Sloveniya – 3:1, 3:2

Estoniya – 2:0, 1:0

Litva – 4:0, 3:0

San-Matino – 5:0, 6:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – iştirak etməyib

1964 – final mərhələsinə yüksələ bilməyib

1968 – 3-cü yer

1972 – final mərhələsinə yüksələ bilməyib

1976 – final mərhələsinə yüksələ bilməyib

1980 – qrup mərhələsi

1984 – final mərhələsinə yüksələ bilməyib

1988 – qrup mərhələsi

1992 – qrup mərhələsi

1996 – 3-cü yer

2000 – qrup mərhələsi

2004 – 1/4 final

2008 – final mərhələsinə yüksələ bilməyib

2012 – 1/4 final

Baş məşqçi: Roy Hocson

Kapitan: Ueyn Runi

AVRO-2016-da oyunları:

11 iyun. 23:00. İngiltərə - Rusiya

16 iyun. 17:00. İngiltərə - Uels

20 iyun. 23:00. Slovakiya – İngiltərə

 

0