[b]“Əgər biz qələbə qazansaydıq...” – İspaniyanın kapitanı[/b]
22.05.2016 - 01:42
[b]“Əgər biz qələbə qazansaydıq...” – İspaniyanın kapitanı[/b]

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının final oyununda penaltilər seriyasında uduzan İspaniyada məhz kapitan Manu Morlanes hədəfdən yayındı. Matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandıran futbolçu Bakı haqda da xoş sözlər söyləyib.

 

- Penaltini qaçırdınız. Topa toxunmamışdan əvvəl çox düşündünüz. Nə baş vermişdi? Zərbəni vurmağa hazır deyildiniz?

- Zərbəni vurmağa hazır idim. Vuracağıma inanırdım. Amma alınmadı, hədəfdən yayındım. Futbolun bu üzü də var. Düşünürəm ki, futbol mənə nə vaxtsa baş mükafatı qazanmaq üçün yenidən imkan yaradacaq.

 

- Çempionata qatılan zaman məqsədiniz nə idi?

- Biz Bakıya hamıdan gec gəldik. Gec gəldiyimizə görə, burdan da sonda ayrılmaq istəyirdik. Təbii ki, ilk gündən finala yüksəlmək haqda düşünürdük. Sonda bunu bacardıq. Təəssüf ki, baş mükafata sahib çıxa bilmədik.

 

- Finalda yenildiyiniz rəqibiniz haqda nə deyə bilərsiniz?

- Portuqaliya çox güclü komandadı. Fikrimcə, finalda bir-birinə layiq rəqiblər qarşılaşdı. Maraqlı qarşılaşma alındı. Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Onlar qələbə qazandılar. Əgər biz də qələbə qazansaydıq, buna layiq idik. Portuqaliyanı qələbə münasibəti ilə təbrik edirəm.

 

- Bəs turnirin təşkilatçılığı haqda nə deyə bilərsiniz?

- Təşkilatçılıq yüksək səviyyəddə idi. Nəyəsə ehtiyac olanda dərhal həll edilirdi. Komandaların hansısa problemlə üzləşdiyini düşünmürəm. Gözlədiyimizdən də yüksək səviyyədə təşkilatçılıq gördük. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirik.

 

- Bakını ancaq qaçırdığınız penaltiyə və qazandığınız gümüş medala görə xatırlayacaqsınız?

- Niyə ki? Hər yer müsbət məqamlarla da yadda qalır. Bakı gözəl şəhərdi. Burda mehriban insanlarla qarşılaşdıq. Komanda olaraq gözəl günlər yaşadıq. Bunlar necə unuda bilərik?

0