[b]Anar Salmanov şübhəli penalti haqda: Bu qədər arsızlıq olmaz [/b]
23.05.2016 - 16:41
[b]Anar Salmanov şübhəli penalti haqda: Bu qədər arsızlıq olmaz [/b]

“Xaqani Məmmədov futbol ictimaiyyətini dolayır və buna da göz yumurlar”. Bu sözləri apasport.az saytına açıqlamasında sabiq FİFA referisi Anar Salmanov deyib.

 

Topaz Premyer Liqasının XXXVI turunda “Rəvan” – “Xəzər Lənkəran” matçının 84-cü dəqiqəsində qonaqların qapısına təyin olunan şübhəli penalti hələ də müzakirə olunur. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov fərqli düşünsə də, hamı həmin epizodda baş hakim Ramil Diniyevin kobud səhvə yol verdiyi qənaətindədi.

 

Hakimlikdən uzaqlaşdırılan Anar Salmanov da məsələ ilə bağlı fikirlərini bölüşüb. Diniyevin penalti qərarının yanlış olduğunu deyən Salmanov sabiq rəhbəri Xaqani Məmmədovu tənqid edib: “Əvvəl-axır kimsə ortaya çıxıb Xaqaniyə deyəcək ki, sən burda nə işlə məşğulsan, kimi dolayırsan, bu neçə ildə nə iş görmüsən? Axı kor-kor, gör-gördü. Mən həmişə demişəm ki, Ramil Diniyev bu çempionatın ən yaxşı hakimlərindən biridi. Amma “Rəvan” – “Xəzər Lənkəran” oyununda səhv etdi. Hakim səhv edəndə demək lazımdı ki, səhv etdi. Əgər həmin hakimin səhv yox, düz etdiyini desək, onu uçuruma aparırıq. Azərbaycan hakimliyini sıfır dərəcəsinə çatdıran belə şeylərdi, bunun da başçısı Xaqani Məmmədovdu. “Rəvan”ın oyunçusu da orda qayda pozuntusunun olmadığını deyib. Mənə elə gəlir ki, epizoda Ramil Diniyev özü də baxıb. O da görüb ki, penaltidən söhbət gedə bilməz. Yenə deyirəm, Xaqani Məmmədov Azərbaycan futbol ictimaiyyətini dolayır, məzələnir. İnsan birinci şəxsiyyətini, namus və qeyrətini fikirləşməlidi. Düşünməlidi ki, mən belə deməklə milləti özümə güldürürəm. Daha bu qədər də arsızlıq olmaz”.

 

Keçmiş FİFA hakiminin fikrincə, Ramil Diniyevin həmin epizodda yanlış qərar qəbul etməsinin qərəzlə əlaqəsi yoxdu: “Ramili yaxından tanıyıram. Qərəz söhbətinə onu şamil etmək olmaz. Çünki Diniyev o təbəqədən, o hakimlərdən deyil. Özü ilə də danışmışam. Bilirsiz, o epizodu niyə elə qiymətləndirdi? Orda müdafiə olunan komandanın futbolçusunun sağ əli arxaya gedir və qaydanı pozan Ruslan Tağızadənin özü olur. Ruslan hətta rəqib oyunçunu arxadan itələyir. Xaqani Məmmədov “Xəzər Lənkəran”ın müdafiəçisinin rəqib oyunçunun sinəsinə dirsəklə zərbə endirdiyini deyib. Xeyr, orda dirsək-zad yoxdu. Ramil Diniyevi aldadan da o əl hərəkəti olub. Xaqani Məmmədov hansı dirsəkdən danışır bilmirəm. Yəqin bu, onun 18-ci oyun qaydasıdı, camaata nağıl danışır. Camaat guya kordu, görmür? Yenə deyirəm, o, milləti, futbol ictimaiyyətini dolayıb”.

 

Salmanov söhbət əsnasında ölkə kubokunun “Neftçi” – “Qəbələ” (1:1) matçında səhvə yol verən Əliyar Ağayevin HK sədri Xaqani Məmmədov tərəfindən bir müddət öncə media nümayəndələrinin önünə çıxarılmasına da toxunub: “Olmayan penalti qərarında hakimin tərəfini saxlayırsansa, onu məhv edirsən. Eyni zamanda, özünü ictimaiyyətin gözü qarşısında alçaldırsan, biabır edirsən. Xaqani Məmmədov, dünyanın heç yerində belə şey yoxdu. Sən hakimi jurnalistlərin qarşısına çıxarırsan. Bunu səhv başa düşməyin. Sadəcə, hakimi jurnalistlərin qarşısına çıxarmağa onun ixtiyarı yoxdu, özü çıxmalı idi. Xaqani Məmmədov, futbol ictimaiyyətində elə insanlar var ki, sən keçən yolları artıq qayıdırlar. Camaata nağıl danışma. Sənin hansı oyunlardan çıxdığını Azərbaycanın futbol ictimaiyyəti gördü. Hansı ədalətdən danışa bilərsən? Get “15 dənə verirlər” qərarından danış”. 

0