[b]Qay getdi, Dodo “Qəbələ”yə lazım olmadı[/b]
24.05.2016 - 11:01
[b]Qay getdi, Dodo “Qəbələ”yə lazım olmadı[/b]

Topaz Premyer Liqasının başa çatan mövsümünü 3-cü pillədə tamamlayan “Qəbələ”də daha 2 futbolçunun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Ermin Zets və Samir Zərgərovun ardınca Luis Hilario Dodo və Aleksey Qayla da yolların ayrılacağı dəqiqləşib.

 

“Qırmızı-qaralar” Dododan fərqli, Qayla əməkdaşlığı davam etdirmək istəyirlər. Lakin Azərbaycanda qalmağı düşünməyən ukraynalı yarımmüdafiəçini razı salmaq mümkün olmur. “Qəbələ” ilə müqaviləsi başa çatan Qay karyerasını ölkəsində davam etdirmək arzusundadı.

 

Uzun müddətdi yaşıl meydanlardan uzaq qalan Dodonun da gələcək taleyinə böyük ölçüdə aydınlıq gəlib. “Qəbələ” kapitanla vidalaşmağa qərar verib. Klub rəhbərliyi son vaxtlar komandaya xeyir verməyən yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil.

 

Məlumatı əməkdaşımızla söhbətində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. O, klubla müqaviləsi bitən digər futbolçularla isə danışığın davam etdiyini bildirib.

 

Qeyd edək ki, “Qəbələ” ötən il olduğu kimi, yenə ölkəmizi Avropa Liqasında təmsil etmək hüququna yiyələnib. 

 

Tengiz MƏMMƏDOV

0