[b]“Məmmədyarovun köməyinə ehtiyacım olacaq” - Sergey Karyakin[/b]
26.05.2016 - 17:48
[b]“Məmmədyarovun köməyinə ehtiyacım olacaq” - Sergey Karyakin[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində 1-ci turun bir görüşü başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

 

Partiyadan sonra təmsilçimiz medianın suallarına cavab verib: "Sergeylə oynamaq hər zaman maraqlıdı. Bu gün ilk tur olduğu üçün nəticəni normal qəbul edirəm. Nəzərə alaq ki, bir-birimizi yaxşı tanıyırıq. Dünya Kubokunda Karyakinə məğlubiyyətimi xatırlamaq istəməzdim. Dünya Kubokundan sonra bir neçə dəfə qarşılaşmışıq”.

O bildirib ki, Şəmkir turniri komandamız üçün önəmlidi: “Sergey Karyakinlə oyuna hazırlaşmaq asan deyil. İddiaçılar turnirində ona kömək etmişəm. Çox güclü şahmatçıdı. Çoxları iddiaçılarda onun şansının az olduğunu deyirdi. Lakin Sergey yüksək səviyyəli şahmatçı olduğunu sübut etdi. Onu Maqnus Karlsenlə çətin görüş gözləyir. Karyakinə lazım olarsa yenidən kömək etməyə hazıram. Karlsenlə oyuna ciddi hazırlaşmaq vacibdi. O təsadüfi olaraq iddiaçılar turnirində qələbə qazanmayıb. Dünya çempionluğu uğrunda görüşdə çox maraqlı mübarizə olacaq".

Rusiya təmsilçisi Sergey Karyakin də Məmmədyarovun köməyinə ehtiyacı olduğunu deyib: "İlk turdakı oyundan razı qaldım. Partiyada irəliləyiş hiss olunmurdu. Ona görə bir növ ədalətli nəticə oldu. Məmmədyarov iddiaçılar turnirində qələbə qazanmağa kömək edən şahmatçılardan biri oldu. Çempionluq matçına hazırlıq zamanı yenidən onun köməyinə ehtiyacım olacaq. Şəhriyarla işləmək rahatdı. Uzun müddətdi birgə oynayırıq. Həyatda dost olmağımıza baxmayaraq, yarışda bir-birimizi məğlub etməyə çalışırıq".

“ShamkirChess 2016”nın mətbuat xidməti

0