[b]“Azərbaycan millisi əvvəllər daha güclü idi” - Argent Bekiri[/b]
30.05.2016 - 12:25
[b]“Azərbaycan millisi əvvəllər daha güclü idi” - Argent Bekiri[/b]

“Azərbaycanla qarşılaşma bizim üçün çox önəmli idi. Çünki son oyunlardakı nəticələrimiz yaxşı deyildi. Bu qələbədən sonra FİFA reytinqində irəliləyəcəyik”. Bu sözləri apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına açıqlamasında Makedoniya millisinin məşqçisi Argent Bekiri deyib.

 

Avstriyada təlim-məşq toplanışında olan yığmamız ikinci yoxlama görüşündə Makedoniya ilə qarşılaşıb və 1:3 hesablı məğlubiyyətə düçar olub.

 

Bir vaxtlar Makedoniya millisinin şərəfini qorumuş 41 yaşlı mütəxəssis yığmamızın oyunu ilə bağlı fikirlərini bölüşüb: “Azərbaycan millisi mən oynayan dövrdə daha güclü təsir bağışlayırdı. Bu görüşdə isə komandanız ikinci hissədə inamlı çıxış etdi”.

 

Bekiri “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremin milliyə dəvət almamasına da münasibət bildirib: “Muarem əvvəllər Makedoniya millisinə çağırıldı. Son vaxtlar bir qədər oyun praktikasından əziyyət çəkdi. Ancaq yenə onun milli komandada yeri var. Yaxşı çıxış etsə, yenidən dəvət alacaq”.

 

Qeyd edək ki, millimiz Avstriyadakı ilk qarşılaşmasında Andorra ilə qolsuz bərabərə qalmışdı.

0