[b]Cinayətkarın köməyi ilə İAAF prezidenti seçilib[/b]
17.06.2016 - 11:18
[b]Cinayətkarın köməyi ilə İAAF prezidenti seçilib[/b]

İngiltərənin BBC telekanalı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) prezidenti Sebastian Kou ilə bağlı şok iddia irəli sürüb. Apasport.az saytı xəbər verir ki, kanalın verilişlərinin birində onun prezident seçkiləri zamanı qanunsuzluğa yol verdiyi iddia edilib.

 

Bildirilir ki, 1500 metrlik məsafədə Olimpiya çempionu sabiq millət vəkili ötən ilin avqustda prezident seçkiləri zamanı cinayətkarlıqda günahlandırıldığı üçün “qırmızı bülleten”lə axtarılan Papa Massata Diakın köməyindən istifadə edib.

 

2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında Təşkilat Komitəsinə rəhbərlik etmiş Kounun telefonda yazdığı mesajlar ortaya çıxıb. Sən demə, 59 yaşlı idman adamı afrikalı nümayəndələrin səsini almaq üçün sabiq İAAF prezidenti Lamine Diakın oğlu Massata Diakdan yardım alıb.

 

Ancaq Sebastian Koe haqqında çıxan bu məlumatları təkzib edib.

 

Ötən ilin avqustda Çinin paytaxtı Pekində keçirilən İAAF-ın 50-ci prezident seçkilərində ukraynalı Sergey Bubka ilə yarışan lord Kou 207 federasiyanın 115-nin səsini toplayaraq Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəhbəri seçilmişdi. O, 2007-ci ildən seçki tarixinə qədər isə assosiasiyanın vitse-prezidenti vəzifəsini icra edirdi.

 

Qeyd edək ki, Fransa məhkəməsi tərəfindən mütəşəkkil cinayət şəbəkəsinin üzvü olmaqda təqsidləndirilən İAAF-ın sabiq rəsmisi Papa Massata Diakın haqqında həbs qərarı çıxarılmış və o, Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən axtarışda idi. Assosiasiyanın Etika Komitəsi ötən həftə Diakla yanaşı, Rusiya Atletika Federasiyasının sabiq prezidenti Valentin Balaxniçev və rusiyalı məşqçi Aleksey Melnikova ömürlük, İAAF-ın Dopinqlə Mübarizə Komitəsinin sabiq rəhbəri Qabriel Dolla isə 5 illik diskvalifikasiya cəzası vermişdi.

0