[b]İlya İlyinin dopinqdə “ilişmə”si açıqlandı, Nizami Paşayev Olimpiya medalına yaxınlaşdı[/b]
21.06.2016 - 10:39
[b]İlya İlyinin dopinqdə “ilişmə”si açıqlandı, Nizami Paşayev Olimpiya medalına yaxınlaşdı[/b]

Dünya ağırlıqqaldırmasında dopinq qalmaqalının Azərbaycana müsbət təsiri də ola bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb Pekin-2008-də götürülən analizlərin təkrar yoxlanışının müsbət nəticə verməsidi.

 

Bir qədər öncə açıqlandığı kimi 94 kq çəki dərəcəsində körpücük üzərinə qalxmış atletlərin tutduğu yerlər arasında dəyişiklik ola bilər. Əgər B probları da müsbət olarsa, hazırda yığmamızın “sükanı arxası”nda heç də yaxşı günlərini yaşamayan Nizami Paşayev Olimpiya medalına qovuşa bilər.

 

Belə ki, Çində onun çəkisində mübarizə aparan qazaxıstanlı İlya İlyinin artıq dopinq nəzarətinə götürüldüyü rəsmən açıqlanıb. Onun London Yay Olimpiya Oyunlarında qazandığı uğur da şübhə altına alınıb və çox güman ki, “qızılları” əlindən alınacaq. Pekində 94 kq çəki dərəcəsində gümüş medalçı Şimon Koleçki (Polşa) və 3-cü yeri tutmuş Hacımurad Akkayevin (Rusiya) analizlərinin müsbət nəticə verəcəyi də bildirilir. Lakin onlarla bağlı hələlik rəsmi qərar açıqlanmayıb.

 

Əgər onlar da təkrar analizdə “ilişsələr” Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Ağırlıqqaldırma Federasiyası birgə qərarını açıqlayacaq. Çox güman ki, yarışda 4-cü olan Arsen Kasabiyev (Gürcüstan) çempion, 5-ci pillədə qərarlaşmış Nizami Paşayev isə vitse-çempion elan olunacaq. Həmin vaxt dünya çempionumuz 396 kq (181 kq + 215 kq) gürcüstanlı rəqibindən 3 kq geri qalmışdı. İlk “üçlüy”ü isə Yoandri Ernandesin (Kuba, 393 kq) qapamaq şansı yüksəkdi.

 

Qeyd edək ki, son günlər artıq 7 idmançımız dopinqdə “ilişdiyi” açıqlanıb. Onlardan İntiqam Zairov 2 yarışda şübhəli bilinir və dünya çempionatındakı analizi müsbət nəticə verdiyi üçün 8 illik diskvalifikasiya olunub. Həmçinin, Elxan Əliquluzadə, Valentin Xristov, Silviya Angelova və Firudin Quliyev də eyni, Dadaş Dadaşbəyli 4 il müddətinə yarışlardan kənarlaşdırılıb. Boyanka Kostovanın isə London Olimpiadasındakı nəticəsinin ləğvi gündəmdədi. 

0