[b]Türkiyə yığmasına bəd xəbər: Əsas heyətin 8 futbolçusu...[/b]
22.06.2016 - 14:49
[b]Türkiyə yığmasına bəd xəbər: Əsas heyətin 8 futbolçusu...[/b]

Avropa çempionatının qrup mərhələsi çərçivəsində bu gün son matçını İrlandiyaya qarşı keçirəcək İtaliya millisinin təxmini “11-liy”i açıqlanıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Skuadra Adzurra” əsas heyəti 1/8 final mərhələsinə saxlayacaq.

 

Bunu baş məşqçi Antonio Konte özü də mətbuata açıqlamasında təsdiqləyib. Qrup liderliyini təmin edən apenninlilərdə düz 8 əsas heyət oyunçusu bu gün meydana çıxmayacaq. Təcrübəli mütəxəssis, xüsusən də, passivində 1 sarı vərəqə olan oyunçuların çoxunu qorumaq fikrindədi. Bir sarı vərəqəsi olanlar isə Canluici Buffon, Corcio Kyellini, Leonardo Bonucci, Tiaqo Motta, Eder ve Daniele de Rossidi. Adı çəkilən aparıcı simalardan yalnız Bonuççinin bu günkü qarşılaşmada iştirakı gözlənilir.

 

Ümumiyyətlə, Kontenin təxmini “11-liy”ində cəmi 3 əsas heyət üzvü var ki, bunlar mərkəz müdafiəçiləri Bonuççi, Andrea Barzalyi və yarımmüdafiəçi Alessandro Florenzidi. Bu gün start heyətində oynaması gözlənilən 5 nəfər (Tiaqo Motta, Mattia de Şilyo, Simone Zaza, Stefano Sturaro, Çiro İmmobile) ilk turlarda əvəzetmə ilə meydana daxil olub.

 

Kontenin İrlandiya önünə bu heyəti çıxarması gözlənilir: Salvator Siriqu - Andrea Barzalyi, Leonardo Bonuççi, Angelo Oqbonna - Mattia de Şilyo, Alessandro Florenzi, Tiaqo Motta, Stefano Sturaro, Federiko Bernardeski – Simone Zaza, Çiro İmmobile.

 

Bu xəbər təbii ki, Türkiyə yığmasının və onun azarkeşlərinin ürəyincə olmayıb. Çünki Türkiyə millisinin 1/8 finala vəsiqə qazanması üçün italyanların İrlandiyaya məğlub olmaması əsas şərtlərdən biridi.

 

Qeyd edək ki, İtaliya – İrlandiya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

0