[b]Azad Rəhimov: Bəzi qərarlarla razı deyilik - MÜSAHİBƏ[/b]
23.06.2016 - 11:46
[b]Azad Rəhimov: Bəzi qərarlarla razı deyilik - MÜSAHİBƏ[/b]

Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi brifinqdə apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Rio Olimpiadasına hazırlıq necə gedir?

- Düşünürəm ki, 60-dan çox idmançımız Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Londondakı son Olimpiada ilə müqayisədə bu dəfə 7 nəfər çox idmançımız yarışacaq. Əsas odu ki, bu il də Olimpiadada yeni idman növlərində iştirak edəcəyik. Triatlon və velosiped idman növlərini qeyd edə bilərəm. Yeni idman növlərinin inkişafda olması bizi sevindirən məqamdı. Ölkədə bununla bağlı işlər aparılır.

 

- Bakıda keçirilən “Formula-1”in Avropa Qran-prisinin yekunu ilə bağlı nə deyə bilərsiz?

- Digər böyük tədbirlərlə müqayisədə “Formula-1”in auditoriyası, onun əhatə olduğu ölkələr və yayım şirkətlərinin sayı daha çoxdu. Bu yarışın 187 ölkədə yayımı aparılmışdı. Bizdə olan məlumatlara görə, 500 milyondan artıq auditoriya yarışı izləyib. Ən gözəli o idi ki,  “Formula-1”də yeni rekordlar qeydə alındı. Təbii ki, bu, idmana aiddi. Bizim üçün ən vacibi isə o oldu ki, Bakı Azərbaycanı dünyaya daha geniş tanıtdı.

 

- Azərbaycanda idmanla məşğul olan həkimlərin sayı azdı. Bəzi federasiyalar ölkə xaricindən həkimlər gətirir. Bu nə ilə bağlıdı və hansı tədbirlər görüləcək?

- Azərbaycanda idman tibbi təhsili heç vaxt olmayıb. Bizdə kadrları Azərbaycan Tibb Universiteti hazırlayıb. Amma sırf idmanla məşğul olan həkimlərimiz olmayıb. Onları yetişdirməkdə problem yoxdu. Onlar xaricdə də təlim keçə bilərlər. Ancaq gələcəkdə öz akademiyamızda magistr səviyyəsində ingilis dilli kadrlar yetişdirilməlidi. Belə bir proqram hazırlanır, onlar təhsil alacaqlar.

 

- Dünyasını dəyişən Mirkamil Rəhimovun yerinə idman şöbəsinə yeni təyinat olubmu?

- İdman şöbəsinə hələ yeni kadr seçilməyib.

 

- Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2 lisenziyamızın ləğvi ilə bağlı açıqlama yaydı. Burda say artımı ola bilərmi?

- Say konkret 4 nəfərdi. Bəzi qərarlarla razı deyilik. Vəkil vasitəsilə bu məsələyə başlamışıq. Biz Olimpiya Komitəsindən son qərar məktubunu gözləyirik. Çox istərdik ki, yüksək nailiyyətlər qazanan idmançılarımız Olimpiadada iştirak etsinlər.

 

- Olimpiadada yeni idman növlərinin olacağını qeyd etdiniz. Hansından sürprizlər gözləyirsiniz?

- Yeni idman növlərindən olan kanoe sprintində bəxt amili də rol oynayır. Ola bilsin ki, bu idman növündə nailiyyət qazanaq. Triatlonçumuz çox maraqlı idmançıdı. Biz Avropa Oyunlarında ondan yüksək nəticə gözləmirdik. Amma bürünc medal qazana bildi. Olimpiada da elə yarışdı ki, orda sürprizlər çox olur.

0