[b]Türkiyə millisində “atışma”: Terimlə Arda ağladı[/b]
23.06.2016 - 12:13
[b]Türkiyə millisində “atışma”: Terimlə Arda ağladı[/b]

İtaliya yığmasının İrlandiyaya məğlub olmasından sonra Türkiyə millisinin AÇ-də mübarizəni davam etdirmək şansı qalmadı. Apasport.az saytının məlumatına görə, D qrupunun üçüncüsü “ay-ulduzlular” turnirlə erkən vidalaşmalı oldular.

 

Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünən İtaliya – İrlandiya matçını yetirmələri ilə birlikdə oteldə izləyib. Robbi Bredinin 85-ci dəqiqə vurduğu qoldan sonra “İmperator” göz yaşlarını saxlaya bilməyib. Terim yetirmələrini qucaqlayaraq, ağlayıb. Baş məşqçinin “Sizin canınız sağ olsun” cümləsi futbolçuları da ağladıb.

 

Türklər Fransanı tərk edənə qədər komandadaxili iclas keçirilib. Futbolçuları toplantı otağına çağıran Terim ilk sözü hücumçu Burak Yılmaza verib. Karyerasını Çində davam etdirən Burak “Çirkin iddialarla qarşı-qarşıyayıq. Amma heç kim bizi müdafiə etmir. Hər kəs futbolçuları günahlandırır” deyib.

 

Yılmazın bu sözlərinə bir çox komanda yoldaşı dəstək çıxıb. Ardınca Caner Erkin danışmağa başlayıb. “Fənərbaxça”nı “İnter”ə dəyişən müdafiəçi “Hər kəs bizə üz çevirdi” cümləsini işlədərək, məşqçilər korpusuna söz atıb. Onun bu danışığı ortalığı qarışdırıb. Belə ki, Terimin köməkçilərindən olan Tümər Mətin “Əslində, bəziləriniz komandaya üz çevirdi” deyərək, Canerin cavabını  verib. Sabiq “Fənər”lilərin arasındakı söz davası Terimin müdaxiləsindən sonra yekunlaşıb.

 

Daha sonra isə Hakan Çalhanoğlu ilə Oğuzhan Özyakup arasında narazılıq yaranıb. Onlar bir-birlərini ötürmə verməməkdə günahlandırıblar. Digər futbolçular da bu mübahisəyə girişincə ortalıq yenidən qarışıb.

 

İclasın sonunda isə Terim üzünü Arda Turana tutaraq, “Kapitan, söz səndədi, danış, görək” deyib. “Barselona”nın futbolçusu özünün tənqid olunmasından çox sosial şəbəkədə ailəsinin təhqir edilməsinə etirazını bildirib. O, danışarkən göz yaşlarını saxlaya bilməyib. Arda ilə yanaşı, şəxsi həyatında problemlər yaşayan Burak Yılmaz da ağlayıb.

 

İclasda son sözü isə Terim deyib. 63 yaşlı çalışdırıcı “Biz bura gələnə qədər çox əzab çəkdik, burda da çəkməyə davam etdik” deyərək, nitqini bitirib.

 

0